Siyasət 15 Dekabr 2022, 13:24 | Baxış sayı: 110
“Sülhməramlılar yolu bağlayıb və Xankəndindəki əhali də blokada şəraitinə düşüb”

“Xankəndindəki erməni əsilli vətəndaşlarımız da bilsin ki, onların gələcək taleyi Azərbaycan hakimiyyətini daha çox narahat edir, nəinki Ermənistan rəhbərliyini. Məlumdur ki, hazırda Ermənistan tərəfi və havadarları Azərbaycanı humanitar terror törətməkdə günahlandırır. Lakin göründüyü kimi, Ermənistan rəhbərliyi Xankəndində olan ermənilər üçün heç bir addım atmağı düşünmür, sadəcə, sözdə Azərbaycanı günahlandırmaqla məşğuldurlar. Bu da həqiqətdir ki, Laçın yolunu bağlayan da, humanitar terror törədən də Azərbaycan deyil. Mənzərə olduqca aydındır. Sülhməramlılar yolu bağlayıb və Xankəndindəki əhali də blokada şəraitinə düşüb…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, Azərbaycan hökuməti humanitar yardıma hazır olduğunu açıqlayıb: “Xankəndindəki erməni əsilli sakinlər bugünkü vəziyyətdə günahkar axtarırlarsa, bilsinlər ki, bu mənzərənin səbəbkarı içlərində olan revanşist qüvvələr, sülh prosesinə maneə olan qarşı tərəf rəhbərliyi və havadarlarıdır. İndi hər kəsə məlum oldu ki, Ermənistan rəhbərliyini blokadada qalmış insanlar maraqlandırmır, onlar bizim torpağımızda olan ermənilərdən sadəcə silah kimi istifadə edərək Azərbaycanın sərvətlərini talamaqla məşğuldurlar. Bütün dünyanın indi Azərbaycanla quru yolla əlaqəsi kəsilmiş Naxçıvanın vəziyyətini, oradakı insanları anlamasını gözləyirəm. Necə ki bu vəziyyətdən narahatdılar. 30 il əvvəl də Azərbaycan torpaqlarının işğal edilməsinə ədalətli münasibət gözləyirdik…”

Xəbərlər