Siyasət 7 İyun 2023, 16:23 | Baxış sayı: 71
"Sülh prosesində vasitəçiliyi uğurlu olan ölkə bölgədə öz maraqlarını da təmin edəcək"

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesində Qərb ölkələri üstünlüyü ələ alıb. Bu halda Rusiyanın hansı addımları atacağı maraq doğurur.

Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, iki il yarım müddət keçməsinə baxmayaraq tərəflər arasında yekun razılıq əldə olunmayıb. Buna səbəb isə Ermənistanın hələ də revanşist təfəkkürlə yaşaması və havadarları tərəfindən sülhdən yayınmağa təhrik olunmasıdır.

Deputat qeyd edib ki, müharibə başa çatdıqdan dərhal sonra Prezident İlham Əliyev sülh tezisləri ilə çıxış edərək, bu prosesdə beynəlxalq hüququn rəhbər tutulmasının vacibliyini vurğuladı:

“Cənab Prezident irəli sürdüyü şərtlər və hədəflədiyi layihələrlə Azərbaycanın hədəflərini qlobal maraqlarla uzlaşdırıb və nəticədə bizim üçün prinsipial məsələ olan Zəngəzur dəhlizi Çindən Britaniyaya qədər geniş arealda ciddi iqtisadi əhəmiyyət kəsb etməyə başladı.

İlham Əliyev bölgədə sülh prosesinin əhəmiyyətini lazımi formada kommunikasiya etməklə regionda mövcud olmaq istəyən iri gücləri prosesdə rol almağa sövq etdi. Nəticədə bildiyiniz kimi, bu gün Azərbaycanla Ermənistan üzrə münasibətlərin normallaşdırılmasını hədəfləyən üç platforma mövcuddur: Brüssel, Vaşinqton və Moskva. Proseslər ilk baxışda biri digərini təkrarlasa da, əslində platformalar arasında incə cizgini sezmək mümkündür. Moskva prosesi müharibənin başa çatması, kommunikasiya xətlərinin açılması, delimitasiya və demarkasiya, Brüssel isə xalqlar arasında birgəyaşayın, mehriban qonşuluğun, qarşılıqlı etimad mühitinin formalaşmasında müəyyən ağırlığa malikdir. Lakin, təbii ki, bütövlükdə sülh prosesindən danışırıqsa, platformalara əlahiddə formada yanaşılmasına ehtiyac yoxdur”, - deyə o əlavə edib.

Xəbərlər