Cəmiyyət 15 Sentyabr 2022, 15:19 | Baxış sayı: 184
"Sual verirlər ki, “Prezident deyirdi bəs münaqişə bitib?” Ay balam, Prezident nə vaxt bunu deyib?"

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin, Müsavat Partiyasının başqanı Arif Hacılının, ADR sədri Qubad İbadoğlunun, xaricdə olan bir sıra mühacirlərin, Qənimət Zahidin, o cümlədən, hüquq müdafiəçiləri və s. şəxslərin şəhidlərin adını çəkib bununla manipulyasiya etmələri insanda yalnız təəssüf və hiddət doğurur. Bunlar sual verirlər ki, “necə olur 50 igidimiz şəhid oldu?” Dünyada elə bir dövlət, hakimiyyət varmı ki, onun dövründə şəhid olmasın? Yaxud kim şəhidlikdən sığortalanıb? Məgər şəhidin qanından, şəhidliyindən istifadə etmək olar? Kim istəyər ki, şəhid olsun? Bu nə söhbətlərdir? Allah rəhmət eləsin, məgər şəhidlərə görə ürəyimiz parçalanmır? İsmayıllı rayonun Talıstan kəndində Bədəlov Cavidanın atası dəfndə bunlara çox yaxşı cavab verib. Deyir “mənim oğlum qisas alırdı, Allahın izni ilə digər oğlum cəbhədən salamat qayıtsın, onun övladı olsa, Cavidanın adını qoyacağam ki, yenidən düşməndən qisas alsın”. Guya hamımız arzulayırdıq ki, şəhidimiz çox olsun?”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

“Nə üçün ermənilərdə bizdən dəfələrlə artıq olan itkiləri görmürlər? 100 kvadrat kilometrdən artıq ərazini azad etmişik. Nə qədər müvəffəqiyyətlər qazanılıb. Vətənimizin bütövləşməsi uğrunda şəhidlərimiz can veriblər. Nə əcəb bunları görmürlər? Sual verirlər ki, “Prezident deyirdi bəs münaqişə bitib?” Ay balam, Prezident nə vaxt bunu deyib? Prezident deyib ki, Qarabağın “status”u bitib, cəhənnəmə gedib. Belə də olub, sözündə durub. Prezident deyib ki, “Ermənistan mənə hücum etməyəcək, təxribat törətməyəcək?” Bu nə danışıqdır? Düşmən yanımızdadır. Onlar ömür boyu münaqişə də edəcəklər, təxribat da törədəcəklər. ABŞ-da, Avropada, dünyanın hansı ölkəsində itki olmur? Hansı  ölkələr sığortalanıb ki, onlara qarşı belə təxribatlar olmayacaq? 90-95% torpağımız alınıb, qalanının da alınması uğrunda çabalayırıq. Erməni sülhə razı olmur, revanş götürmək istəyir. Havadarları ilə birgə hücuma keçirlər. Prezident də bunun qarşısını almaq üçün əlindən gələni edir. Kimin hakimiyyətini dövründə şəhidlər olmurdu? Sizi bu cür ittiham etsəydilər, xoşunuza gələrdi? Prezident deyibsə ki, “müharibə bitdi”, nəyə görə 5 bənddən ibarət sülh mətni irəli sürüb? Müharibə bitməyib, düşmən hələ ortadadır, düşmən bizə öz havadarları ilə birlikdə hələ çox acılar yaşadacaq. Bunun təqsiri məgər Azərbaycan dövlətindədir?” - parlament üzvü bildirib. 

 

T.Kərimli deyib ki, 71 evə od düşüb, ocaq sönüb: “Bunlar sual verirlər ki, “heç sizinkilərdən biri var şəhidlərin içində?” Bəli, var. Səttar Mehbalıyevin qohumu. Bəs sizdən kim var? Göstərin görək, 50 nəfərin içində sizinkilərdən kimsə varmı? Kim müdafiə edirsə, adına o saat qoyurlar “yaltaqsan”, nə bilim nəsən. Ayıbdır! Belə olmaz. Şəhid qanı ilə oynamaq olmaz. Vətənimizin başı sağ olsun, insanlar şəhid olublar. Biz nə haydayıq, bunlar nə hayda. Hakimiyyət davası edirsənsə, əməlli-başlı et də. Nə vaxta kimi şəhidlərin, qazilərin arxasında gizlənəcəksən? “Ay Allah, onlar nəyəsə nail olsun, biz də onların hesabına hakimiyyətə gələk”. Nə deməkdir bu?”

 

Deputat vurğulayıb ki, ölkədə matəm elan olunmasını təklif edirlər: “Bəlkə, matəm elan olunacaq? Bu, o deməkdir ki, hökumət istəmir? Hələ münaqişə davam edir. Bəlkə, iraq olsun, yenə şəhid verəcəyik?! Bu insanları heç cür başa düşə bilmirəm. Hamımız üzülürük. Bəlkə, çoxumuz gecə yata bilməmişik. Neçə şəhidimizin dəfnində iştirak etmişik. Ürəyimiz qan ağlayır. Bunlar isə nəyin hayındadırlar. İstifadə edib hakimiyyətə qarşı qurşaqdan aşağı zərbə vurmaq istəyirlər. Bu, sözdür, sən Allah? “Qazi ailələrinin problemi var” deməyin belə halda yeridir? Məsələlər həllini tapsın, nə tələb olunur, baxılacaq. Biz də bu məsələləri dəfələrlə qaldırırıq. Düşmən kimi yox. Başa düşə bilmirsən, hansı miqyasda təxribat olubmuş. İki dövlət vuruşur, ay kişi. Sən deməkdən ki, Azərbaycan legitim hərbi nöqtələri Ermənistan ərazisində vurub. Deyir ki, Azərbaycan Ermənistana “təcavüz” edir. Sən erməninin dayısı oğlusan, ya əmisi oğlu? Hələ sərhədlər müəyyən olunmayıb. İgirdlərimiz nə qədər səngərə giriblər, ermənilərlə dişə-diş, qana-qan vuruşurlar. Hansı komandir əsgərin arxasında gizlənib? Görün nə qədər komandirlərimiz şəhid oldu. Hamısı öndə gedib. Heç vaxt əsgərin arxasında gizlənməyiblər. Ay qardaş, belə şey olar? Deyir “gerçəkləri etiraf edin”. Nəyi? Hansı günahı? Müharibədir ey, münaqişədir. Bəlkə, düşmən yenə hücum edəcək? Havadarları, bəlkə, bir az da qızışdırıcaq onu? Biz nə etməliyik? Vuruşmalı deyilik? Nə vaxta kimi şəhid cənazəsi daşıyacağıq? Heç kim bunu istəməz. Prezident  Qarabağın “status”una “gorbagor oldu” deyib. Adam sözü dəyişib, manipulyasiya etməz”.

 

O deyib ki, yaralanan da, şəhid də olacaq: “Deyir ki, neçə evin “işığı sönüb”. Elə bil biz söndürmüşük işıqlarını. Ay qardaş, bunu erməni edib, cəzasını da almalıdır. Mən də bilirəm ki, ermənilər artıq Azərbaycan torpağında yaşamaq hüquqlarını itiriblər. Bir olmaqdan, bütün milli qüvvələri bir etməkdən, əl-ələ verməkdən, iqtidara, müxalifətə fərq qoymadan düşmənə qarşı olmaq əvəzinə, bu nə parçalayıcı sözlərdir? Bəli, üç min şəhidimiz olub. Analar da çiyinlərində qürurla daşıyıblar. Hamının fəxr yeridir. “Analara nə deyəcəyik, yenə şəhid var” nə deməkdir? Guya xoşumuz gəlirdi rusu gətirib Qarabağda yerləşdirməyə? Nə deyirsən sən, Rusiya ilə müharibə aparaydıq? Gücümüz çatan qədər torpağımızı xilas etmişik. Davam edirik, deyirsiniz ki, etmə, niyə şəhid olur? Bəs nə edək? Elə bil kefimiz açılıb, ABŞ-la, Rusiya ilə müharibə etməliyik. Bizi o qədər hədələyənlər var ki. Niyə etiraf etmirik? Hansı birimiz Prezindent olsaydıq, bir kəndi, rayonu xilas edə bilərdik? Çoxu deyir ki, “nə olardı, Qarabağ qaytarılaydı, bu problem gələcəyə qalmayaydı”. Qarabağın 95%-ni alıb, Xankəndi alınmayıbmış. Heç Sovet dövründə azərbaycanlıları ora gedib-gəlməyə qoymurdular. Hər şey yavaş-yavaş olacaq. Deyir ki, şəhidi niyə gecə dəfn edirlər? Biz getdik gündüz də dəfn etdik. Bu nə söhbətdir, ittihamdır? Laçını alırıq, deyirlər ki, başqa sosial problem qaldı. İndi deyirlər ki, Laçını, Qarabağı rusa verib. Kim verib? Nə böhtanlardır belə? Başım çıxmır, biri deyir “bizə Zəngəzur lazım deyil”, “Moskvadan göstəriş olan kimi camaat ölməyə getdi”. Moskva bizə göstəriş verib ki, get şəhid et balalarını? Moskva neytral qala bilirsə, böyük diplomatiyanın ustalığıdır ki, Azərbaycan Ordusunun haqlı mübarizəsinə dözümlü yanaşır. Ermənistan sənədə imza atıb, deyirlər ki, yox, imzalamayıb. Nə bilirsən? Niyə bəs Paşinyan bir dəfə demədi ki, mən 10 noyabr sənədinə “qol çəkməmişəm”. Hardan öyrənmisən imza atmadığını, de, biz də bilək. Əsgərləri sülhməramlılar öldürübmüş. Kim edibsə, şəhid edib. Sülhməramlı, ya erməni etsin, burada iqtidarın təqsiri nədir? O vaxt ABŞ-la Rusiya razılaşmışdı, yavaş-yavaş Cənubi Qafqazdan ordusunu çıxarırdı. Azərbaycandan birinci tələbi oldu. Heç o da axıra kimi çıxarmadı. Qəbələ RLS qalmışdı. RLS-i elə indiki Prezident çıxardı. Dünya var, dünyanın düzəni var. Diplomatik mübarizə, hünər lazımdır. Legitim olaraq Azərbaycan təsdiqləməyib ki, ruslar burdadır. Müvəqqətidir. Hamımızın da tələbidir ki, işi görə bilmirlərsə, çıxıb getsinlər. “Ay aman, Prezident Flip Rikeri niyə qəbul etdi?” Böyük dövlətin nümayəndəsidir, qəbul edib, Azərbaycanın razılaşmalarını izah edir. Nə isə... Müxalifət elə bilir ki, bu cür mübarizə ilə xalq onun tərəfində duracaq. Vallah, xalqda daha da qəzəb oyadır. Millət can hayındadır, balasını itirib, şəhid verib. Bu torpaq qanla, can verilməklə Vətənə çevrilib”.

Xəbərlər