"Sərhədlərimizi nə təhər bağlamışıqsa quş quşluğuyla keçə bilmir".
Bütün dünya sərhədləri açıb, qapıbir qonşumuz Gürcüstan lap çoxdan açıb. Yay, turizm vaxtı... Gürcüstanın da çörəyi turizmdən çıxır. Deyirlər, ovu bərədə vurarlar. Biz o ovu çoxdan qaçırtmışıq. Söhbət turistdən gedir.
Srağagün dəniz kənarındaydım, bulvarda gəzirdim. Həmişə bu vaxtlar dəniz kənarı İrandan, Cənubi Azərbaycandan gələn turistlərdən aşıb-daşırdı. Eləcə də ərəb ölkələrindən.
Bir saat gəzdim, gözümə bir dənə də turist dəymədi. Sərhədlərimizi nə təhər bağlamışıqsa quş quşluğuyla keçə bilmir. Düzdür, arada erməni güllələri sərhədyanı kəndlərimizə keçə bilir.
Türkiyədə 20 min azərbaycanlı tələbə oxuyur. Bu yay onların evlərinə gəlməsi sual altındadı. Bunun nə qədəri «çerez» Naxçıvan gələ bilər? Uzaqbaşı beş-on faizi. Türkiyə ingiltərə deyil, Fransa deyil, Almaniya deyil, Amerika deyil ki, orda təyyarə bileti almağa imkanı olan varlı ailələrin uşaqları oxusun. Qardaş ölkədə təhsil alanlar əsasən kasıb-kusubun balalarıdı.
Qəzetlərdə, saytlarda da tez-tez yazırlar: «Şad xəbər! Sərhədlər açılacaq. Açıqlama»; «Sərhədlər açılır» və sair və ilaxır. Heç biri də rəsmi açıqlama deyil. Ya bir ekspertin fikridi, ya da bir deputatın fərziyyəsidi.
Deyəsən, sərhədlərin açılmasına kimsə möhkəm söyüş qoyub, özü də pis söyüş. Ona görə də Operativ Qərargah sərhədləri açmaqdan çəkinir, söyüş sahibi olmaq istəmir.
Uşaq vaxtı belə bir şey vardı – biri o birisinə söyəndə söyülən tez bir dəmir parçasından tutub deyirdi: «Əlim dəmirdə». Mənası o idi ki, yəni əlim dəmirdədisə söyüş mənə yox, söyənə çatır.
İndi Operativ Qərargah, bəlkə siz də əlinizi dəmirə qoyasınız, sərhədləri açasınız.
Turistlərin xətrinə yox ey, Azərbaycandan kənarda qalan və Vətənə gəlmək üçün ləlöy döyən kasıb-kusub soydaşlarımızın xətrinə.
Zəngəzur dəhlizi də hələ açılmır ki, gedək İrəvandan uçaq.
Aqil Abbas
Milli Məclisin deputatı
Mənbə: Pravda.az