Ümumi 16 Dekabr 2022, 17:05 | Baxış sayı: 124
“Sərbəst toplaşmaq azadlığı ilə bağlı qanun tam qüvvəsi ilə işləyir, problem iqtidarda deyil, problemi özünüzdə görün…”

“Böyük təəssüf hissi ilə qeyd edirəm, bu gün Azərbaycan müxalifətinin bir kəsimi elə mövqe ortaya qoyur ki, qətiyyən ermənilərin mövqeyindən seçilmir. Deməli, eyni mərkəzdən idarə olunurlar, onlara eyni istiqamətdə direktivlər gəlir. Ağaları, yiyələri də eynidir, çünki bu qədər sinxronluq, oxşar mövqe səslənə bilməz. Müxalifətin radikal kəsimi hakimiyyəti ittiham edir ki, siz sərbəst toplaşmaq azadlığını təmin etməsəniz, azərbaycanlılarla ermənilərin birgə yaşaması mümkün olmayacaq. Üzümü həmin radikal kəsimə tutub, söyləmək istəyirəm ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı qanun tam qüvvəsi ilə işləyir. Problem qanunda, iqtidarda deyil. Problemi özünüzdə görün…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elmn Nəsirov deyib.

 

Deputat bildirib ki, iqtidar Bakının ən böyük rayonu Qardağda müxalifətin sərbəst toplaşa bilməsi üçün yer ayırıb:

 

“Çox səliqəli şəraiti var. Ora getmək üçün avtomobillə, təxminən, 10 dəqiqə vaxt sərf etmək olar. Allaha şükür, hamımızın avtomobili var. Azərbaycanın nəqliyyat sistemi də kifayət qədər inkişaf edib, paytaxt küçələrində ən müasir avtobuslar fəaliyyət göstərir. Yarım saat ərzində öz sosial bazanızı Qaradağa toplaya bilərsiniz, amma bacarmırsınız. Qabağınızı polis kəsir? Azərbaycan polisi, əsgəri sizə maneə olur? Yox! Sizə maneə olan öz davranışınızdır. Elə bir fəaliyyət göstərmisiniz ki, arxanızda heç kim qalmayıb. Artıq qohum-əqrəbanız da arxanızca getmək istəmir ki, mənası yoxdur. Gərək, hər şeyin bir mənası olsun. Ona görə də başlamısınız ki, “sərbəst toplaşmaq azadlığımızı təmin edin”. Siz o vaxt etiraz edin ki, Qaradağa gedirsiniz, amma sizə mitinq keçirməyə imkan vermirlər. Belə şey olubmu? Olmayıb… Etiraf edin aqibətinizi. Etiraf edin ki, xalq sizi müdafiə etmir, vaxtilə olmuş dar sosial bazanız da bu gün dağılıb. Kimisə ittiham etməyə hələ diliniz də var. Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Rəsmən Azərbaycan vətəndaşlığını qəbul etməyənlər hara istəsələr, gedə bilərlər. Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizlikləri Azərbaycanın daxili işidir. Ölkə Prezidenti cənab İlham Əliyev bunu dəfələrlə beynəlxalq ictimaiyyətə söyləyib, Ermənistan siaysi rəhbərliyinin nəzərinə çatdırıb. Azərbaycanda yaşayan bütün vətəndaşlar hansı hüquqlara malikdirlərsə, Qarabağdakı ermənilər də eyni mövqeyə malik olacaqlar. Gəlin, özünüzdən siyasi hoqqabazlıq etməyin. Məğlubiyyəti etiraf etməyin özü də bir cəsarət tələb edir. Bu, yüksək keyfiyyətdir. Etiraf edin ki, “məğlub olmuşuq, Azərbaycanda sərbəst toplaşmaq azadlığı var, amma Bakıdan on dəqiqəlik məsafədə olan yerə insanları ardımızca apara bilmirik”. Etiraf etsəniz, bəlkə, bundan sonra sizə az da olsa, rəğbət yarana bilər”.

Xəbərlər