Cəmiyyət 7 İyun 2022, 15:45 | Baxış sayı: 237
"Sosial şəbəkələrdə təhqir yazanlar bədbəxtdirlər".

“Deputatlar cəmiyyətin ən üzdə olan, əlçatan insanlardır. Onları istənilən vaxt görmək, ünsiyyətdə olmaq olar. Əlçatan olduqlarına görə da bəzən onlara qarşı neqativ yanaşmalar olur. Həmişə ümumiləşdirib nəyəsə mövqe bildirməyin əleyhinə olmuşam. Məsələn, Azərbaycanda elə jurnalistlər var ki, reketliklə məşğul olur. Bunu əsas götürərək desəm ki, “Azərbaycan jurnalistləri reketdirlər”, yəqin ki, bu sözüm hörmətli, təmiz, şəffaf fəaliyyət göstərən jurnalistlərin narazılığına səbəb olacaq. Deyəcəklər ki, “hamını ümumiləşdirib bu fikri söyləyirsiniz, axı nə qədər öz zəhməti ilə dövlətə, dövlətçiliyə xidmət edən savadlı jurnalistlərimiz var, siz isə 1-2 mənfi halı əsas götürüb nəyə görə hamının adını hallandırırsınız”. Bu, haqlı mövqedir. Hesab edirəm ki, bütün peşələrə münasibətdə bu yanaşma olmalıdır.”

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, kimsə hansısa deputatın fəaliyyətində bu və ya digər şəkildə qüsur tapıbsa, buna görə “deputatların üstündən xətt çəkmək” və hər birini ittiham etmək yalnış yanaşmadır: “Özüm də bir neçə dəfə qəribə hal müşahidə etmişəm. Sən seçicinin problemlərini dinləyirsən, onun həlli ilə bağlı addımlar atırsan və bu problem sonunda həllini tapır və bu problemlərin həlli ilə bağlı sosial şəbəkələrdə heç nə yazılmır. Yəni “müraciət etdim, dinlədi, problemin həllinə köməklik etdi, təşəkkür edirəm, sağ olsun” demək də lazımdır. Düzdür, bu, borcumuzdur, amma elementar yanaşmadır. Yəni belə hallara çox nadir hallarda rast gələrsiz. Cəmiyyətin bütün təbəqələrini götürsəniz, onların içərisində ən çox camaatla ünsiyyətdə olan deputatlardır. Gecə-gündüz seçicilərimiz, jurnalistlərlərimizlə ünsiyyətdəyik. Televiziyalar, radiolar, sosial şəbəkələrdə fəalıq, yəni harada desəniz, Azərbaycan deputatını fəal şəkildə görə bilərsiniz. Belə olduğu təqdirdə də deputatlar müəyyən seqment tərəfindən təzyiq altında olurlar, hətta onların şərəf və ləyaqətini təhqir edirlər, işgüzar nüfuzuna xələl gətirirlər. Bunlara görə də heç bir cəza almırlar və cəzasız qalırlar. Deputata şər-böhtan atan adam məhkəməyə verilsə, deyilənlərin şər-böhtan olması sübut olunsa və həmin şəxs buna görə hüquqi müstəvidə cəzasını ala bilər. Cəzasını alan kimi də müəyyən anti-Azərbaycan siyasi dairələr və ölkəmizin daxilindəki tərəfdarları deyəcəklər ki, filan deputat məsələni qaldırdı, filan şəxs həbs edildi və o, siyasi məhbusdur. Halbuki məsələyə qanuni müstəvidə yanaşılanda həmin şəxs cəzasını almalıdır, amma süni şəkildə onun üçün siyasi məhbus obrazı formalaşdırmağa çalışırlar. Biz demokratik ölkəyik və əhalinin 80 faizi sosial şəbəkə istifadəçisidir. Amma bu və ya digər səbəbdən dünya miqyasında sosial şəbəkələrdən imtina olunur. Bundan sonra da bütün klaviatura qəhrəmanları buxar kimi yoxa çıxırlar. Onlar yoxdurlar, gözə dəymirlər, görünmürlər...Yəni bizdə də bəzi insanlar oturublar klaviaturanın arxasında və özlərini “qəhrəman” kimi təqdim edirlər, deputatları təhqir edirlər. Debatlara çıxıram, mən də, qarşı tərəf də mövqeyini bildirir. Orada bir şəxs müxalif dairənin təmsilçisidir, mənsə iqtidarın təmsilçisiyəm. Həmin insan söyüş, təhqir, ağzına gələn ifadələr işlətməyə başlayır. Biz bu kimi şəxsləri görəndə deyirik ki, mədəni, tərbiyəli, əxlaqlı olun, amma bundan əlavə, bu kimi əxlaqsız insanlar sosial şəbəkələr də ağzına gələni yazırlar. Hətta bəzən biz o yazılanları silməyi çatdıra bilmirik. Təsəvvür edin ki, həmin insanlar məhkəməyə verilsə, nə olacaq?! Kim icazə verir ki, sən başqa bir insanı təhqir edəsən, şərəf və ləyaqətini alçaldasan. Kim sənə bu hüququ verib? Bununla bağlı hansı müstəsna xidmətin və ya səlahiyyətin var? Özün deyirsən ki, qanun qarşısında hamı bərabərdir. Bəs necə ola bilər ki, debatda səni təhqir etmədiyim halda, təhqir yolunu seçirsən? Əgər gücün, elmi potensialın varsa, gəl mənimlə elmi panelə, əks arqumentini sübut elə. Ümumiyyətlə, düşünürəm ki, bu insanlar bədbəxt insanlardır, çünki xoşbəxt insanların belə şeylər düşünməyə vaxtı yoxdur. Xoşbəxt insanlar öz işləri-gücləri, zəhməti ilə məşğuldurlar, ailəsinin problemlərini həll edirlər, pul qazanırlar, istirahət edirlər, yəni normal insan həyatı yaşayırlar. Belə insanlarsa ancaq çirkab, nifrət, qərəz, qarayaxma ifraz etməklə məşğuldurlar.”

Xəbərlər