"SMA xəstələrinə dövlət qayğısının təmin olunması vacibdir"
Milli Məclisin bugünkü plenar iclasında deputat Elşad Mirbəşiroğlu Spinal Muskulyar Atrofiya Xəstələrinə (SMA) dövlət qayğısının təmin olunmasının vacibliyini səsləndirib.
APA xəbər verir ki, o, SMA xəstələrinin terapiyasında hazırda yeni tətbiq olunan Evrisdi preparatının İcbari Tibbi Sığorta tərəfindən qarşılanmasının mümkünlüyünün nəzərdən keçirilməsini təklif edib: “Ölkəmizdə diaqnostik təyin olunmuş 34 SMA xəstəsi var. Lakin onların orta statistik sayının 100 olduğu təxmin edilir. SMA müalicəsində ən mühüm faktor terapiyanın mümkün qədər tez başlanmasıdır. Müalicəsində ən son və ən geniş xəstə bazası olan “Evrisdi” preparatı istifadə olunur. Dünyada bütün inkişaf etmiş ölkələrlə yanaşı, qonşu dövlətlərdən Qazaxıstan, Özbəkistan, Gürcüstan “Evrisdi” preparatının SMA xəstələri üçün təminatı, dövlət tərəfindən proqrama salınıb, qarşılanır.
Ölkəmizdə isə bu pasientlərin hüquqlarının qorunması daha yaxşı həyat şəraitinin formalaşması üçün çalışan Spinal Muskulyar Atrofiya Xəstələrinə Yardım İctimai Birliyi də fəaliyyət göstərir. Onun rəhbəri Səməd Həsənli ilə məsələni dəfələrlə müzakirə etmişik. Yenə də müvafiq instansiyalardan məsələni diqqətdə saxlamağı xahiş edirəm”.