“Siyasi partiyalar haqqında” qəbul edilmiş yeni Qanun siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz müsbət töhfəsini verəcək”
“"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında üçüncü oxunuşdan sonra qəbul edildi. Məlum olduğu kimi Parlamentdə təmsil olunan siyasi partiya nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə bir neçə ay bundan öncə müraciət etmişdilər. Ölkəmizdə "Siyasi partiyalar haqqında" əvvəlki qanunun qəbul edilməsidən artıq 30 il keçib. Təbii ki, bu müddətdə Azərbaycan davamlı olaraq inkişaf edib və ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verib. Yeni qanun layihəsinin hazırlanması ilə bağlı siyasi partiyaların təklifi Milli Məclisin sədri tərəfindən dəstəklənib və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verilib. Yeni qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib, həmçinin ölkənin siyasi sistemi və milli xüsusiyyətləri, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınıb. Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara öz təkliflərini bildirmələri üçün müraciət edilib və 47 siyasi partiyadan 250-dən çox təklif alınıb. Qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirilib. İctimai dinləmələrdə, mətbuat və sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılmış səsləndirilmiş fikirlər sənəddə öz əksini tapıb. Bir sözlə, qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun formada hazırlanıb”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri partiyalardır: “Odur ki, qəbul edilmiş yeni qanun ölkədəki mövcud demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitinə tam uyğunlaşdırılaraq xalqın siyasi iradəsini ifadə edir. “Siyasi partiyalar haqqında” yeni qanun sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilıməsində mühüm əhəmiyyətə malik olacaq. Yeni qəbul edilən Qanun çoxpartiyalı sistemin yaradılmasına, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına xidmət edəcək. “Siyasi partiyalar haqqında” qəbul edilmiş yeni Qanun həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz müsbət töhfəsini verəcək.”