"Şəhidlərimizlə bağlı ölkədə matəm elan edilməsini məqsədəuyğun hesab edirəm"
Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistanın sərhəddəki təxribatını dəf edərkən Azərbaycan silahlı qüvvələrinin 50 əsgər və zabitinin şəhid olması cəmiyyəti kədərə boğub. Sosial şəbəkələrdə ölkədə matəm elan olunması ilə bağlı çağırışların ardı-arası kəsilmir. Matəm elan olunmasını istəyənlər bunu 2020-ci ilin İkinci Qarabağ müharibəsindən sonra ən böyük hərbi toqquşma hesab edirlər.
Milli Məclisin Xocalıdan ola deputatı Elman Məmmədov Yenisabah.az-a açıqlamasında bildirib ki, bu, Prezident Əliyevin səlahiyyətində olan bir məsələdir: “Bir gün boyu 50 əsgər və zabitimizi şəhid verdik. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Şəhidlərimizin ailələrinə, yaxınlarına başsağlığı verirəm.
Mən də şəhidlərimizlə bağlı ölkədə matəm elan edilməsini məqsədəuyğun hesab edirəm. Əgər biz birlikdə güclü olsaq, heç kim qarşımızda dura bilməz”.