Cəmiyyət 28 Aprel 2023, 16:37 | Baxış sayı: 101
“Şəhidin nişanlısı istədiyi şəxslə ailə qura bilər, burada qəbahət görmürəm”

“Belə məsələlərin geniş müzakirə olunmasına ehtiyac yoxdur. Çünki bu, şəxsi həyat məsələsidir. Allah ruhunu şad eləsin. Şəhid o dünyaya qovuşubsa, onun xatirəsi bizim üçün əzizdir. Nəinki onun, ailəsinin, ata-anasının, yaxınlarının da xatirəsi bizim üçün əzizdir. Şəhidin nişanlısı da bizim üçün əziz olmalıdır. Çünki onlar nişanlı olublar, aralarında, sözüsüz ki, bir məhəbbət, eşq yaranıb. Şəhidin nişanlısının da həyatını yaşaması çox vacibdir. Cəmiyyət əlində əsas tutacaqsa ki, o, filankəslə nişanlı olub, onda həmin xanımın həyatı korlana, məhv ola bilər. Əgər qayın belə addım atırsa, buna pis münasibət göstərmək yaramaz. Çünki bu, bir insana həyat vermək deməkdir. Burda qəbahət nə var ki?” 

 

Bu sözləri Pravda.az-a Milli Məclisin komitə sədri Tahir Rzayev şəhid Elçin Mustafazadənin nişanlısının onun qardaşı ilə ailə qurmasının müzakirə yaratmasına münasibət bildirərkən deyib.

 

“Bəzən məsələlərə elə reaksiya veririk ki, bu, insanlığa, cəmiyyətə müəyyən mənada yad fikirlərdir. İnsan həyatıdır. Şəhidin nişanlısı istədiyi şəxslə ailə qura bilər. Ümumiyyətlə, bunda qəbahət görmürəm. Düzdür, bəzən bizdə bunu pis əməl kimi, ya şəhidin qardaşının öz ailəsinə yanlış münasibəti kimi qiymətləndirirlər, amma əslində belə düşünmək lazım deyil. Ona görə də bu məsələ ətrafında müzakirələr səngiməlidir. Belə məsələlərin müzakirə olunması şəhidin ruhuna da hörmətsizlikdir. Allah şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun. Onlar dünyalarını dəyişiblər. Amma şəhidlərin adını belə məsələlərdə hallandırmaq, ünvanlarına nəsə irad səsləndirmək, keçmiş səhvlərini ortaya qoymaq, ailələri, əzizləri haqqında mənfi fikirlər söyləmək cəmiyyətimizə yaraşmaz”.

Xəbərlər