"Sığorta paketinə daxil olmayan xidmətlərin sayı bir çox ölkələrdə bizdən azdır. Biz yavaş-yavaş buna da getməliyik".
Milli Məclisin sonuncu plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna edilən dəyişikliklər fikirayrılığına səbəb olub.
Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat, Tibb üzrə fəlsəfə doktoru Musa Quliyev “Yeni Müsavat”-a geniş müsahibə verib.
- Musa müəllim, parlament müzakirələri gözlənildiyindən çox çəkdi. Bir sıra həmkarlarınızın tənqidi çıxışları olsa da, siz bu dəfə səhiyyənin yanında oldunuz. Obyektiv yanaşsaq, haqlı kim və ya kimlər idi?
- Səhiyyə sahəsində islahatlar gedir və kifayət də aktual, məhsuldar və faydalı islahatlardır. Amma sadəcə bir az uğursuz dövrə düşdü. Nə mənada? İcbari tibbi sığorta ölkədə fəaliyyətə başlayanda pandemiya başladı, struklaşma məsələsi basqı altında getdi. Səhiyyədən icbari tibbi sığortaya keçid məsələsində də təbii ki, müəyyən problemlər olmalı idi. Köhnə kadrlar var, onların bir çoxunun təfəkkürü fərqlidir. Köhnə təcrübə ilə indi təklif olunan yeni model bir-biri ilə uyğunlaşmır. Bəzi hallarda isə səhiyyə təşkilatçıları, istər TƏBİB-in, istər İcbari Tibbi Sığortanın olsun yerlərdəki rəhbər kadrların çoxunu yaxşı tanımadıqlarına görə, nüfuzlu, təcrübəli adamlar kənarlaşdırılır, özlərinin yetişdirdikləri yeni kadrlarla əvəzlənir, bu problem də ağrılı müşahidə olunur. Bəzi hallarda yerlərdə sabotaj məsələləri də var. Bu da ola bilər. İcbari tibbi sığortaya keçid həm də səhiyyə xidmətlərinin və səhiyyədəki gəlirlərin bölüşdürülməsinin də yeni bir müstəvisini müəyyənləşdirdi. Artıq burada tam şəffaflığa keçid başlayacaq. Bir çox tibb işçiləri müəyyən qazanclarından da məhrum olub. Yəni qeyri-leqal, qeyri-rəsmi qazanclarından. Rüşvətmi, çirkli pulmu deyək buna? Hər halda bunlardan da məhrumolma prosesi var. Amma reallığı götürsək, bəzilərinin də əvvəlki qazancları indiki halal qazanclarından xeyli çox olduğuna görə, ola bilsin onlar da müqavimət göstərirlər. Amma bunlar heç biri əsaslı deyil və hamısı ötəri prosesdir.
- Bəs, əsas səbəb nədir?
- Bizə əsas əngəl törədən pandemiya oldu. Pandemiya bütün dünya, o cümlədən Azərbaycan üçün qəfil bir bəladır. Azərbaycan səhiyyəsi özünü müsbət tərəfdən kifayət qədər doğrultdu. Kimsə deyir ki, biz səhiyyənin keyfiyyətindən narazıyıq, yaxud kimsə səhiyyəmizin digər ölkələrin səhiyyəsindən geri qaldığını söyləyir, bu arqumentlərdə də həqiqət var. Amma bütövlükdə sistemin və tibb işçilərimizin fədakarlığını qeyd etməliyik. Bir də mən heç vaxt bir neçə uğursuz kadra, yaxud cinayətkara görə sistemin fəaliyyətini şübhə altına almağın da tərəfdarı deyiləm. Çünki biz başqa ölkədən səhiyyə sistemi gətirib burada qurası, yaxud başqa ölkədən kadrları gətirəsi deyilik. Xalqa bunlar xidmət edir. Biz bu nöqsanları da görə-görə, tənqid edə-edə, eyni zamanda dəstək verə-verə onları aradan qaldırmalıyıq. Bütövlükdə bizim səhiyyə xidmətini, sistemini, təminatını, kadrların peşəkarlığıını və s. şübhə altına alanda insanların bu sistemə inamını azaltmış oluruq. Tibb elə bir sahədir ki, orada xəstənin həkimə inamı olmasa, ən gözəl həkimin də bəzən müalicələri uğurla nəticələnmir. Hətta böyük rus terapevti Matvey Mudrov xəstəyə deyirdi ki, biz 3 nəfərik: sən, mən və xəstəlik. Xəstəsinə deyirdi ki, əgər sən xəstəliyin tərəfində dayanacaqsansa, mən məğlub olacağam. Yox, əgər sən həkimin yanında dayanacaqsansa, biz xəstəliyi məğlub edəcəyik. Bu mənada həkimə, bütövlükdə tibb işçisinə inamı azaltmaq çox təhlükəli bir şeydir, biz bunu etməli deyilik. Amma ayrı-ayrı nöqsanlar təbii ki, var, bundan sonra da olacaq.
- Bu nöqsanların əhatə dairəsinin geniş olması göz qabağındadır. Siz də bu nöqsanların olduğunu təsdiqlədiyiniz halda, müzakirələrdə əks-arqumentlərlə çıxış etdiniz, səhiyyə sistemini müdafiə etdiniz. Eyni zamanda müdafiə məqsədli çıxışınızda da problemlərə işarə vurdunuz. Bəlkə bu ziddiyyətə aydınlıq gətirəsiniz...
- Mən əsas niyə çıxışa yazıldım? Konsepsiya aydındır. Əgər biz icbari tibbi sığortaya keçmişiksə, icbari tibbi sığorta zərfi bütün xidmətləri əhatə etmir və yavaş-yavaş əhatə etməyə doğru gedəcək, çünki hamısı büdcəyə, pula bağlıdır. Bu saat icbari tibbi sığorta zərfi 3500-dən çox xidməti əhatə edir. Amma təxminən 1529 xidmət isə bu zərfə daxil deyil. Dövlət tibb müəssisələri də icbari tibbi sığorta sistemində fəaliyyət göstərirsə, deməli, həm xidmət zərfinə daxil olan, həm daxil olmayan xidmətləri göstərəcək. Onda bu, nəyin əsasında xidmət göstərəcək? Maliyyələşmə kim tərəfindən həyata keçiriləcək? Bu maliyyələşmənin tarifləri necə müəyyənləşdiriləcək? Bu məsələlər müzakirə olunurdu. Ona görə də iki vacib məqam mütləq qeyd olunmalıdır: birincisi, vahid tarif müəyyənləşməlidir. Yəni hər dövlət klinikasının xidməti üçün bir qiymət müəyyənləşə bilməz, özəl sektor qiymət siyasətində sərbəstdir. Amma dövlətdə vahid tarif olmalıdır. İkinci məqam ondan ibarət olmalıdır ki, dövlət tibb müəssisələrindəki icbari tibbi sığorta zərfinə daxil olmayan vətəndaşlarımızın özlərinin ödəyəcəyi tibii xidmətlərin qiyməti özəldəki anoloji xidmətlərdən aşağı olmalıdır. Yəni dövlətin vətəndaşlarımıza dəstəyi hiss olunsun. Əks halda, elə vətəndaş həmin qiymətə özəldə daha komfortlu, növbəsiz xidmətdən yararlana bilər. Məni narahat edən əsas məsələ bundan ibarətdir ki, haqqı ödənilən 1529 xidmət bəzi kateqoriyalı vətəndaşlarımız üçün pulsuz olmalıdır. Təbii ki, pulsuz heç bir xidmət yoxdur. Deməli, ya dövlətin büdcəsindən, ya Sığorta Fondunun qazancı hesabına ödənilməlidir.
- Konkret kimlərdən söhbət gedir burada?
- Cənab prezidentin haqqı ödəməkdən azad etdiyi və büdcədən onun ödənişini təmin elədiyi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımız: pensiyaçılar, uşaqlar, əyani təhsil alan tələbələr, bütün kateqoriyadan olan əlillər, şəhid ailələləri, hamilə qadınlar və məcburi köçkünlər. Bu da təxminən 2 milyondan çox, bəlkə də 3 milyona yaxın vətəndaşımız deməkdir. Vətəndaşlar icbari tibbi sığorta paketinə daxil olan xidmətləri zərf hesabına alacaqlar. Amma daxil olmayan 1500 xidmət az deyil, bunlar cibindən necə ödəyək? Yaxud cibindən ödəyəcək olsa da, həm səhiyyə xidmətlərinə, həm də dövlətin sosial müdafiə siyasətinə bir az inamları azalmış olacaq. Vətəndaş haqlı olaraq bizə sual verəcək: əgər icbari tibbi sığortaya qədər dövlət tibb müəssisələrində, bizim qanunvericiliklə bütün xidmətlər pusuz, yəni dövlət vəsaiti hesabına idisə, icbari tibbi sığortanı da biz daha yüksək tibbi xidmət növü irəli sürmüşüksə, onda mən nəyə görə cibimdən və hansı imkanlar hesabına vəsait ödəməliyəm? Ona görə də mən dedim ki, əgər cənab prezident onları azad edibsə və onların dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə göstəriş veribsə, o kateqoriyadan olan bütün insanların bütün tibbi xərcləri dövlət tibb müəssisələrində haqq ödənilmədən həyata keçirilir.
- Dünya təcrübəsində həmin xidmətlərlə bağlı vəziyyət necədir, müqayisəli təhlil aparmaq imkanınız olubmu?
- Dünya təcrübəsində də belədir. Sığorta paketinə daxil olmayan xidmətlərin sayı bir çox ölkələrdə bizdən azdır. Biz yavaş-yavaş buna da getməliyik, xidmətlər dövlət büdcəsi, yaxud başqa fondlar tərəfindən ödənilir. Yəni əlilliyi olan, yaxud pensiyaçı vətəndaşların bəziləri azad olunur, bəzilərində yox. Bir çox ölkələrdə pensiyaçıya deyilir ki, sən təqaüd alırsan, zəhmət çək, pensiyandan da müəyyən məbləğ icbari tibbi sığorta xərcinə ayır! Pensiyaçı isə yaşlı, daha çox xroniki xəstəliyi olan və tibbi xidmətə ehtiyac duyan insandır. Cənab prezident həmişə olduğu kimi, bu insanlara böyük humanistlik göstərib və bu xərcləri dövlət üzərinə götürüb. Bizdə icbari tibbi sığortaya cəlb olunmayan insanların kateqoriyası daha genişdir. Bu, onunla bağlıdır ki, Azərbaycan müharibə aparan ölkədir, qaçqın, məcburi köçkünlərimiz, şəhid ailələrimiz var. Yəqin ki, yavaş-yavaş tibbi imkanlarımız daha da genişlənəcək, icbari tibbi sığorta zərfinə daxil olmayan xidmətlərin sayı azalacaq və onda dövlətin də yükü azalmış olacaq. Əsas məsələ ondan ibarətdir ki, xüsusən bu, keçid dövründə biz həm icbari tibbi sığortaya dəstək verməliyik, həm də elə etməliyik ki, vətəndaşlarımız əlavə maliyyə yükü ilə yüklənməsinlər.
- Qanuna dəyişikliklərdə də Prezidentin vətəndaşlara humanist yanaşmasına sanki müqavimət notları ortaya çıxır, elə deyilmi?
- Mən dirəniş deməzdim. Ola bilsin ki, ya tələskənlik olub, ya da müəyyən məqamlar nəzərə alınmayıb. Hər halda mən o cür düşünmürəm. Elə parlamentdəki müzakirə də bundan ötrüdür ki, hardasa gözdən, nəzərdən qaçan məqamlar ortaya çıxsa, bu məqamların aradan qaldırılacağına inanıram.
- Hakim partiyanın və parlamentin rəhbərliyində təmsil olunan şəxs kimi, arqumentlərin nəzərə alınacağını gözləyirsiniz?
- Əgər bizim söylədiyimiz məqamlar nəzərə alınmayacaqsa, onda sizin sualınızdakı ehtimallarla şərikəm və hesab edirəm ki, burda da hardasa neqativ maraqlar ola bilər. Amma məncə, bunlar mütləq nəzərə alınmalıdır, çünki 2 milyondan çox insanın sosial vəziyyətinə təsir edən məsələdir.
- Deputat həmkarınız Qüdrət Həsənquliyev ikibaşlı idarəçiliyin əleyhinə çıxış etdi və ciddi islahatlara çağırdı. Səhiyyə idarəçiliyində anlaşılmazlıq, vətəndaşları narazı salan prosesə hansısa formada nəhayət, son qoyulmalı deyilmi?
- TƏBİB-in İcbari Tibbi Sığorta Agentliyində nəzdində yaradılmasını və formalaşmasını mən normal hesab edirəm. Çünki biz ənənəvi səhiyyə sistemini dəyişməyi qarşıya məqsəd qoymuşuq. Əgər TƏBİB birdən-birə Səhiyyə Nazirliyinin tabeçiliyində yaransaydı, ola bilsin ki, İcbari Tibbi Sığorta Agentliyi müəyyən müqavimət sindromunu qıra bilməyəcəkdi. Bayaq danışdıq ki, müəyyən problemlər, stereotiplər var. O stereotipləri qırmaq, yenilərini yaratmaq, xüsusən Avropa düşüncəli, müasir düşüncəli, Türkiyə təcrübəsini qazanmış həkimlərimizi iş başına gətirmək və bu modeli qurmaqdan ötrü keçid dövründə TƏBİB-in İcbari Tibbi Sığorta Agentliyinin nəzdində olmasını mən normal qəbul edirəm. Amma icbari tibbi sığorta oturuşandan sonra TƏBİB ya ayrılıb Səhiyyə Nazirliyinin tabeçiliyinə keçməlidir, ya da ayrıca bir qurum olmalıdır. Çünki İcbari Tibbi Sığorta Agentliyi sifariş verən, TƏBİB-sə o sifarişi icra edən təşkilatdır. Əgər sifariş verən və icra edən təşkilatlar ikisi bir yerdə olarsa, yaxud icra edən təşkilat sifariş verən təşkilatın nəzarəti altında olarsa, onda yenə də həmin köhnə səhiyyə sistemindəki o model qalmış olacaq və keyfiyyətə nəzarət, neqativlərin aradan qaldırılması müəyyən qədər şübhə altına düşəcək. Amma indiki dövr üçün hesab edirəm ki, bu, normaldır və bu şəkildə qurulmalıdır. İndi Səhiyyə Nazirliyinin funksiyalarının bir çoxu alınıb, TƏBİB-ə verilib. Hazırki keçid dövrü üçün mən bunu normal hesab edirəm. Amma müəyyən dövrdən, icbari tibbi sığorta ölkədə oturuşandan sonra TƏBİB ya bütövlükdə Səhiyyə Nazirliyinin nəzdinə qaytarılmalı, ya da ayrıca bir qurum kimi fəaliyyət göstərməlidir ki, İcbari Tibbi Sığorta ilə TƏBİB arasında şaquli asılılıq olmasın, ancaq horizontal olsun.
- Bir az da icra strukturu ilə bələdiyyə arasındakı rəqabət mühitini xatırladır, elə deyilmi?
- Mən düşünmürəm ki, bu gün Səhiyyə Nazirliyi ilə TƏBİB arasında aşkar rəqabət var. Ola bilsin gizli var, müəyyən kadrlarlar, ya başqa məsələlərdə qısqanclıq ola bilər. Amma inanmıram ki, burda ciddi rəqabət var. Səhiyyə Nazirliyi də TƏBİB də, İcbari Tibbi Sığorta Agentliyi də cənab prezidentin qarşıya qoyduğu məsələlərin həlli və tibb xidmətinin keyfiyyətinin qaldırılması ilə məşğuldurlar. Çox sahədə problemlər var, vətəndaşlarımıza ilkin tibbi xidmətin, ixtisaslaşmış tibbi xidmətin göstərilməsi, dərman təminatında əlçatanlıq və sairlə bağlı problemlər var, amma bunlar da hamısı həll olunası problemlərdir. Sadəcə bir az zamana bağlıdır, təşkilatlanma işləri getməlidir. Yenə deyirəm, koronavirus pandemiyası icbari tibbi sığortanın ölkəmizdə arzu etdiyimiz səviyyədə qurulmasına olduqca böyük zərər verdi. Çünki TƏBİB-in də, İcbari Tibbi Sığorta Agentliyinin də demək olar ki, bütün resursları son bir il yarım ərzində ilk növbədə koronavirusla mübarizəyə yönəldi. Ona görə də yerlərdə strukturlaşma məsələsi, xidmətin səhiyyədən alınıb, İcbari Tibbi Sığorta Agentliyinə verilməsi prosesi, xidmətin keyfiyyətinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi məsələləri bir qədər çətinləşdi.
- Siz parlamentdəki çıxışınızda səhiyyəyə ayrılan maliyyənin azlığını da qeyd etdiniz...Konkret nə qədər artırılmalsa, uğurlu nəticə əldə oluna bilər?
- Yavaş-yavaş biz səhiyyə maliyyə resurslarını artırmalıyıq. Mən çıxışımda da dedim, görünür bəzi jurnalistlər onu dəqiq tutmayıblar. Dedim ki, qarşıdan büdcə müzakirələri gəlir, səhiyyəyə ayrılan büdcə xərclərini artırmalıyıq. Dünya təcrübəsinə görə, optimal səviyyə xidmətini qurmaq üçün ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 5 faizindən az olmayaraq, səhiyyəyə büdcə ayrılmalıdır. Amma mətbuatda gedib ki, dövlət büdcəsinin 5 faizi...İndi artıq ölkə büdcəsinin 5 faizindən artığı səhiyyəyə ayrılır. Amma bizim ÜDM 82 milyarda yaxındır. Ordan 5 faizini götürəndə səhiyyəyə təxminən 4 milyardlıq büdcə ayırmalıyıq. İndi səhiyyəmizin büdcəsi 2 milyarda yaxındır. Yavaş-yavaş, bir neçə il ərzində ona gəlib çatmalıyıq.