"Səfər Mehdiyev polislə bu cür davranmaqla aşkar şəkildə vəzifə səlahiyyətlərini aşıb".
Bir müddət öncə mediada Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin vəzifədə olarkən yol polisi tərəfindən saxlanılması ilə bağlı videosu yayılıb.
90-AA-978 dövlət qeydiyyat nişanlı "Mercedes Galendewagen" markalı avtomobilindən düşən sabiq DGK sədri Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edərək, onları təhqir edir.
Görüntülərdə o, YPX əməkdaşına "Sən nə həyasız adamsan? Görmürsən general-polkovnik Mehdiyevdir?" sözlərini deyir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Demokrat.az-a açıqlamasında bildirib ki, polis dövlətimizin onurğa sütunlarından sayılan bir strukturdur.
Millət vəkilinin sözlərinə görə, polisin nüfuzunun zədələnməsi birbaşa dövlətçiliyə təhdiddir:
“Yayılan videonu mən də izlədim və əgər videodakı şəxs həqiqətən Səfər Mehdiyevdirsə, onun davranışı sözün əsl mənasında təəssüf doğurur. Bu davranış üslubu psixi durumu yerində olan heç bir sıravi vətəndaşa yaraşmaz. O ki, qaldı Mərkəzi İcra Hakimiyyəti orqanının rəhbərinə. Videodan görünür ki, polis əməkdaşı qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirib, daha doğrusu, “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə müvafiq olaraq yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin pozulduğu vizual şəkildə aşkar edərək Səfər Mehdiyevdən nəqliyyat vasitəsini dayandırmağı tələb edib. General isə hansı tərzdə reaksiya verir, aydın görünür. Polislə bu cür davranma aşkar şəkildə vəzifə səlahiyyətlərini aşmadır. Yəni, cənab Mehdiyev Gömrük Komitəsinin sədri vəzifəsinin səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək polis əməkdaşını təhqir etməklə, həm onun fiziki şəxs kimi hüquqlarına, həm də cəmiyyət və ya dövlətin “Yol hərəkəti haqqında” qanunla qorunan mənafelərinə təcavüz edir.
Ola bilsin ki, kimsə desin ki, o xidməti səlahiyyətlərini icra edərkən yox, yolda olarkən polislə konfliktə girib. Amma unutmayaq ki, vətəndaş özü polisə vəzifə və rütbəsini səsləndirərək təzyiq edir. Bu mənada keçmiş Komitə sədrinin hərəkətlərində vəzifə səlahiyyətlərini aşma əməlinin əlamətləri görünür, lakin təqsirsizlik prezumpsiyasına uyğun olaraq, əməlin cinayət olub-olmadığına ancaq araşdırmaların yekununa əsaslanmaqla məhkəmə qərar verə bilər”.
Deputat qeyd edib ki, cəzasızlıq mühiti bu kimi halların artmasına səbəb ola bilər:
“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, xüsusi ittiham istisna olmaqla, cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır. CPM-in 46-cı maddəsi, KİV-də yayılan məlumatları cinayət işinin başlanması üçün səbəblərdən biri kimi təsbit edib və bu mənada, mediada yayılan məlum video da araşdırmalara başlamaq üçün qanuni səbəbdir.
Yayılan videonun məzmununa isə diqqət etsək, ictimai təhlükəli əməlin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olduğunu görərik - general özünü təqdim edərək xidməti vəzifələrini yerinə yetirən polisi təhqir edir. Bu isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, araşdırmaya başlamaq üçün hüquqi əsasdır və belə əsasların olması ehtimalı mövcuddursa, aidiyyatı strukturlar öz səlahiyyətləri daxilində şəxsin təqsirini müəyyən edərək, onu cəzalandırmaq və ya şəxs təqsirsizdirsə ona bəraət vermək məqsədi ilə ədalət mühakiməsi üçün hərəkətə keçməlidirlər. Əks halda cəzasızlıq mühiti bu kimi halların təkrarlanmasına, dövlət orqanlarına etimadın azalmasına və dövlət iyerarxiyasında digər xoşagəlməz hallara səbəb ola bilər.
Unutmamalıyıq ki, polis insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qoruyan və dövlətimizin onurğa sütunlarından sayılan bir strukturdur və polisin nüfuzunun zədələnməsi birbaşa dövlətçiliyə təhdiddir. Təsadüfi deyil ki, dövlətçiliyi hədəfləyən bütün antimilli qüvvələr ilk növbədə məhz polisi nüfuzdan salmağa cəhd edirlər. Bu mənada Mərkəzi İcra Hakimiyyəti orqanı rəhbərinin səlahiyyəti müddətdində polisə yönəli bu davranışı başa düşülən deyil və mütləq məsələyə hüquqi qiymət verilməlidir”.