Siyasət 2 Sentyabr 2022, 12:37 | Baxış sayı: 152
"Xarici ölkə səfirlərinin etimadnamələrinin Şuşada qəbuluna ehtiyac yoxdur".

“ABŞ və Fransa səfirlərinin Şuşaya getməkdən imtina etmələri fonunda cəmiyyətimizdə belə təkliflər var ki, səfirlərin bu şəkildə davranışına son qoymaq üçün ölkə Prezidenti xarici ölkə səfirlərinin etimadnaməsini Şuşada qəbul etsin. Məncə, buna xüsusi lüzum yoxdur. ABŞ və Fransa bugünkü reallıqda bu addımları atır. Reallıqlar isə çox sürətlə dəyişməkdədir. ABŞ-ın yaxın müttəfiqi, eyni zamanda Fransanın lokomotiv ölkələrdən biri olduğu Avropa İttifaqının artıq post-müharibə dövrünün problemlərinin həllinə çox ciddi dəstək vermək niyyəti ortadadır. Dörd dəfə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşü keçirildi. Dördüncü görüş də uğurla nəticələnib. Xüsusilə sonuncu görüşlərdə və 31 avqustda keçirilən görüşdə heç bir yerdə “Qarabağ” ifadəsi, “status” söhbəti yoxdur, ATƏT-in Minsk Qrupunun adı çəkilmir. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın perspektivdə ABŞ və Fransa da yeni reallıqlarla barışmalı olacaqlar. Onda belə məsələlər də gündəmə gəlməyəcək”.

 

Milli Məclisin deputatı Elman Nəsirov bu sözləri Pravda.az-a açıqlamasında deyib.

 

Deputat bildirib ki, ABŞ və Fransa səfirlərinin Şuşaya getməkdən imtina etmələri qəbuledilməzdir: “Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən beynəlxalq konfransa 160-dan çox nümayəndə qatıldı. Onların arasında diplomatlar, hərbi attaşelər var idi. Təəssüf ki, bu tədbirə ABŞ və Faransanın Azərbaycandakı səfirləri qatılmaqdan imtina etdilər. Bu, tamamilə qəbuledilməz bir hadisədir. Səfirlər sıra ilə düzülüb Şuşaya getmək üçün hərəkətə başlasaydılar, həmin sırada birinci yerdə məhz elə Fransa və ABŞ səfirləri dayanmalı idi. Çünki bu iki ölkə Rusiya ilə birlikdə 30 il ərzində ATƏT-in Minsk Qrupunun həmsədri olub. Nəticədə bu münaqişənin həllinə heç bir dəstək verməyiblər. Onların fəaliyyətlərinin nəticəsi sıfira bərabər oldu. Belə halda heç olmasa öz günahlarını yumaq naminə ilk növbədə bu prosesə qatılmalı idilər. Amma görünür ki, Vaşinqtondan və Parisdən gələn təlimatlar tamamilə başqa olduğundan səfirlər bu addımı ata bilməyiblər. Səbəb də bəllidir. Onlar üçün Şuşaya getmək hər zaman ortaya atdıqları “status” məsələsindən geri çəkilmək anlamına gəlir. Bu, eyni zamanda ATƏT-in Minsk Qrupunun fəaliyyətindən imtina etmək deməkdir və rəsmi Vaşinqton və Parisin bugünkü fəaliyyətinə zidd olardı. Onların da niyyəti bəllidir”.

 

E.Nəsirov deyib ki, artıq rəsmi Vaşinqton və Paris “status” söhbətinin həlli, bu məsələnin gündəmdə olmaması faktı ilə barışdıqdan sonra səfirlərini də gülə-gülə, istəsələr də, istəməsələr də Şuşaya göndərməli olacaqlar: “Onlar başqa səfirlərdən seçilə bilməyəcəklər. Hesab edirəm ki, bu, zaman məsələsidir. Bu məsələyə görə xüsusi olaraq səfirlərin etimadnamələrinin qəbulunun Şuşaya keçirilməsinə ehtiyac yoxdur. Yaxın perspektivdə inanıram ki, ABŞ və Fransa səfirləri hamıdan qabaq işğaldan azad olunmuş digər ərazilərimizə, xüsusilə Şuşaya gedəcək, çünki onun çox böyük simvolik mənası var. Uzaq olmayan perspektivdə həmin səfirlər Azərbaycan bayrağının dalğalanacağı Xankəndinə də gedəcəklər. Hesab edirəm, bu, aksiomdur, xüsusi isbata da heç ehtiyac yoxdur. Sırf zaman məsələsidir və yaxın zamanda bu məsələ öz həllini tapacaq”.

Xəbərlər