Siyasət 22 Sentyabr 2023, 16:01 | Baxış sayı: 213
"Separatçıların təslim olması ölkəmizin növbəti tarixi Qələbəsidir"

“Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması ölkəmizin növbəti tarixi Qələbəsidir. Bu, bir daha göstərir ki, ölkəmiz regionda sülhün və sabitliyin əsas təminatçısıdır. Dövlət başçımız beynəlxalq hüququn tətbiqi şəraitində ərazi bütövlüyümüzün təmin olunmasına səy göstərərək ən yüksək tribunalardan bəyan etdi ki, ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Bundan bir gün sonra 20 sentyabr tarixində bu tədbirlərin dayandırılması barədə razılığın əldə olunması, separatçıların təslim olması qalib ölkəmizin böyük uğuru olaraq hər birimizdə qürur hissi yaratdı. Bu Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını nümayiş etdirdi. Bir günə təmin olunan möhtəşəm qələbə Azərbaycan Ordusunun müstəqilliyimizə, suverenliyimizə yönələn hər bir təxribatın qarşısını qətiyyətlə almaq imkanında olduğunu bir daha təsdiqlədi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim bu çağırışı edir ki, "dəmir yumruq" yerindədir. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, üçtərəfli Bəyanatın imzalanmasından keçən 3 ilə yaxın müddətdə Azərbaycanın işğaldan azad edilən torpaqlarda həyata keçirdiyi bərpa və quruculuq işləri ölkəmizə həm böyük maliyyə hesabına, həm də ən dəhşətlisi - vətəndaşlarımızı itirmək bahasına başa gəlmişdir. Tarixi Zəfərimizdən sonra ölkəmiz regionda davamlı sülhün təmin edilməsi üçün Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etsə də qarşı tərəf bu məsələdə heç maraqlı olmadı. Dövlət başçımız İlham Əliyev tarixi Zəfərimizdən sonra qarşıdakı dövrün əsas hədəflərini açıqlayarkən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması ilə yanaşı, müdafiə qabiliyyətimizin artırılmasını da prioritet məsələ kimi qarşıya qoydu. Ordu quruculuğu istiqamətində səylərin daha da artırılacağını, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldiləcəyini, maddi-texniki bazasının möhkəmləndiriləcəyini bildirdi. Növbəti tarixi Zəfərimiz bir daha ordu quruculuğu sahəsində son 3 ilə yaxın dövrdə görülən işlərin mükəmməlliyini aydın şəkildə göstərdi. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunaraq ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam bərqərar olur. Müzəffər Ali Baş Komandanımızın Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Baş nazir Nikol Paşinyan əgər vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyirdisə, indi "Qarabağ Azərbaycandır" deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir. Azərbaycan bütün addımlara görə həm məsuliyyət daşıyır, həm də qürur hissi keçirir. Lokal antiterror tədbirləri yüksək peşəkarlıqla və dəqiqliklə aparıldı.

Deputat diqqətə çatdırıb ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Dövlət başçımızın bildirdiyi kimi, ölkəmiz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan birgəyaşayış təklifidir. Cənubi Qafqazda yeni reallıq yaranacaq, uzunmüddətli sülh yaranacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq.

sia.az

Xəbərlər