Siyasət 17 Avqust 2023, 14:14 | Baxış sayı: 168
"Sentyabrda genişmiqyaslı təxribat gözlənilir"

"Son günlərdə Ermənistanın siyasi-hərbi rəhbərliyi Laçındakı  sərhəd-keçid məntəqəsi ətrafında şou yaratmaqdadır".

Bu sözləri açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Ermənistan bu yolla beynəlxalq təşkilatların bu məsələlərə cəlb edilməsinə, anti-azərbaycan bəyanat və qətnamələrin qəbul edilməsinə nail olmağa çalışır: "Paralel şəkildə, artıq diqqətdən yayınmayan cəhət ondan ibarətdir ki, Ermənistan Azərbaycanla şərti sərhəd boyunca döyüş texnikası cəlb edir, artilleriya qurğuları daşıdığı ilə bağlı görüntülər yayılır və bu, keçən ilin sentyabrında baş verən hadisələri xatırladır. O zaman da Ermənistan belə çirkin oyunlar həyata keçirirdi və məlumdur ki, nəticədə qanlı hadisələr yaşandı, Ermənistana Azərbaycan tərəfindən ciddi zərbələr endirildi. Onlar öz təxribatlarının acısını yaşadılar".

Deputat hazırda da oxşar tendensiya yaşandığını qeyd edib: "İstisna deyil ki, onlar bu il sentyabrda da oxşar insidentə, təxribata əl atsınlar. Belə olduğu halda Azərbaycan dövləti yenə də beynəlxalq hüquqa istinad edərək anti-terror əməliyyatı keçirə bilər. Bu heç bir halda qeyri-qanuni addım olmayacaq, çünki hərbi təxribatın qarşısında istənilən dövlət, məhz analoji davranış tərzi nümayiş etdirərdi. Azərbaycan da belə bir addımı atmağa vadar oluna bilər və bütün handisələrin həmin ssenari üzrə inkişafına görə məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin, ona havadarlıq edənlərin üzərinə düşür".

sitat.info

Xəbərlər