Siyasət 23 Fevral 2023, 12:58 | Baxış sayı: 129
“Sentyabr döyüşlərindən daha qanlı toqquşmalar baş verə bilər”

“Münhen Konfransının ardından Vardanyanın “dövlət naziri” postundan çıxarılacağı ilə bağlı səhihliyi elə də şübhə doğurmayan xəbərlər və dərhal da Ermənistan Təhlükəsizlik Xidmətinin çoxdan kölgəyə çəkilən keçmiş rəisi Vanesyanın Azərbaycanla sülh anlaşmasının bağlanmasına imkan verməyəcəyini deməsi, ardınca Azərbaycan ordusunun Naxçıvanla Qarabağdakı mövqelərinin atəşə tutulması iki reallıqdan xəbər verir”.

Deputat Sahib Alıyev bunu Musavat.com-a açıqlamasında söylədi. Onun sözlərinə görə, birinci reallıq budur ki, cənab İlham Əliyevin Qarabağa ixrac olunmuş persona kimi təqdim etdiyi Vardanyanyanla heç bir ünsiyyətin qurulmayacağı haqda Münhendəki növbəti xəbərdarlığı gec də olsa, qərbdəkiləri, onlar da öz növbələrində Paşinyanı, Paşinyan da Arutyunyanı hərəkətə gətirib: “Belə görünür ki, Laçın yolunun “blokadada olması” və bizim Rusiya ilə guya paralel hərəkət etməmiz haqda hay-fransız uydurması Münhendə buxarlanıb. Prezident İlham Əliyevin gətirdiyi arqumentlər, özəlliklə də sərhədlərdə nəzarət-buraxılış məntəqələrinin yaradılması haqda rəsmi təklifindən sonra Blinken Paşinyana konstruktiv davranmağı və reallıqdan çıxış etməyi məsləhət görüb. Belədə Vardanyanı Qarabağa ixrac edənlərin mövqeləri yetərincə zəifləyəcəyindən Vanesyana “fas” əmri veriblər. Və Azərbaycanın mövqeləri atəşə tutdurulub”.

S.Alıyevin sözlərinə görə, bununla göstərilməyə çalışılır ki, qərbin moderatorluğ altında sülh anlaşmasının bağlanması mümkün deyil: “Əlbəttə, burada həmən qərbin nə dərəcədə prinsipiallıq göstərib-göstərməyəcəyi az rol oynamayacaq. Məsələn, Ermənistanın Müdafiə Nazirliyi mövqelərimizin atəşə tutulması haqda xəbərləri təkzib edir. Avropa Birliyinin Ermənistandakı missiyası ən azından Naxçıvandakı mövqelərimizin atəşə tutulduğunu təsdiqləyə bilər. Əgər təsdiqləməyəcəksə, bu insidentin arxasında duranlar sülh anlaşmasının imzalanmaması üçün daha böyük təxribatlara gedəcəklər. Belədə təbii ki, Azərbaycan gərəkən addımı atacaq. Və mümkündür ki, ötən ilin sentyabrındakından daha qanlı toqquşlamar baş versin. Proseslərin hansı yöndə gedəcəyi çox tez bir zamanda tam aydın olacaq”.

Xəbərlər