"Seçkiyə qatılmayan partiyaların MSK-ya hesabat verməsi nəyə lazımdır?"
Mərkəzi Seçki Komissiyası Vəhdət Partiyasının maliyyə hesabatını 3 dəfə düzəlişə qaytarıb.
Bu barədə Modern.az-a Partiyanın sədri, deputat Tahir Kərimli məlumat verib. O qeyd edib ki, partiya 2021-ci il üzrə maliyyə hesabatını martın 29-da təqdim etsə də, MSK qəbul etməyib:
“Komissiya yeni qaydalar qoyub. Bəzi xanaların yeri dəyişdirilib, formatda bir sıra yeniliklər ediblər. Ona görə biz tələb edilən düzəlişləri yerinə yetirib, hesabatı yenidən göndərdik”.
Tahir Kərimli partiyaların Mərkəzi Seçki Komissiyasına hesabat verməsinin əslində doğru olmadığını düşünür:
“Partiyalar Maliyyə Nazirliyinə hesabat verməlidir. Elə partiyalar var, heç seçkiyə qatılmırlar. Onların MSK-ya hesabat verməsi nəyə lazımdır?”.
Partiya sədri onu da vurğulayıb ki, hesabat təqdim etməyən partiyalarla bağlı Ədliyyə Nazirliyi müvafiq addımlar ata bilər:
“MSK bununla bağlı Ədliyyə Nazirliyinə təqdimat verir. Nazirlik buna uyğun partiya haqqında tədbirlər görür. Əvvəl partiyalara ancaq məhkəmə qaydası ilə hansısa cəza tətbiq edilə bilərdi. İndi elə hallar var ki, Nazirlik özü də bunu yerinə yetirə bilər. Xəbərdarlıq etmək, məhkəmə qaydasında məsələ qaldırılması, bunun nəticəsində partiyanın fəaliyyətsizliyi təsdiq edilərsə, prosedurların yekunu kimi qeydiyyatının ləğvi mümkün ola bilər”.