Siyasət 8 Fevral 2024, 18:54 | Baxış sayı: 139
“Seçki birliyimizin nümayişi oldu”

Növbədənkənar prezident seçkilərinin nəticələri hər bir azərbaycanlının ürəyincədir. Çünki ölkə rəhbəri cənab İlham Əliyev prezident seçildiyi ötən 20 il ərzində Azərbaycan xalqının böyük etimadını qazandı. Özünün çoxşaxəli səmərəli fəaliyyəti ilə bütün dünyaya göstərdi ki, xalqın firavanlığı, dövlətin inkişafı, ölkənin tanınması, torpaqlarımızın işğaldan azad edilməsi və müstəqilliyimizin möhkəmlənməsi üçün əlindən gələni edib. Sözsüz ki, Azərbaycan xalqı bunu yüksək qiymətləndirdi və növbədənkənar seçkilər elan oldunduğu ilk gündən ölkə başçısına dəstəyini ifadə etdi”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. O qeyd edib ki, Azərbaycanın bu gününü və gələcəyini düşünən hər kəs, bütün türk dünyası bu əlamətdar hadisəyə sevinir:

“Prezidentə ünvanlanan təbrik məktubları da bunu sübut edir. Bu seçki tarixi sınaq və tarixi qələbə idi. Azərbaycanı sevməyən qüvvələr zənn edirdi ki, seçki zamanı müəyyən problemlər yaranacaq, seçki öncəsi qarşıdurmalar baş verəcək. Ancaq xalqımız müdrikdir, kimin kim olduğunu yaxşı bilir, yaxşı gündə də, çətin gündə də dövlət başçısının ətrafında birləşməyi bacarır. Seçki birliyimizin nümayişi oldu, necə ki, bunu 44 günlük müharibədə, bir günlük antiterror tədbirlərində də gördük”. 

Tahir Rzayevin fikrincə, bu seçki gələcək inkişafa uğurlu yol açacaq:

“Prezident çıxışlarında da bildirirdi ki, öz fəaliyyətini xalqının rifahına, onun gələcəyini həsr edir və bu, hər zaman belə olacaq. Azərbaycan xalqı həm də gələcəyi üçün stimul yaratdı. Dünyada öz qətiyyəti ilə seçilən liderin ölkəyə rəhbərlik etməsi gələcəyimiz üçün, müstəqilliyimizin dayanıqlı olması üçün  mühümdür”.

demokrat.az
 

Xəbərlər