Cəmiyyət 17 Fevral 2023, 14:58 | Baxış sayı: 112
“Şahbazın ana dilimizə xidmətinin onda biri qədər xidməti olmayanların onu ittiham etməsi gülüncdür”

“Şahbaz Xuduoğlunun ədəbi dil haqqında yazısını da, ona olan rəyləri də anlayışla qarşılamaq lazımdır. Hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir. Bir təklif irəli sürməklə dil dəyişilməz, ona görə də bu qədər əsəbi rəylərə ehtiyac yoxdur. Məncə, ana dilimizin hörmətli müdafiəçiləri Şahbazın yazısındakı, daha doğrusu, yazının alt qatındakı bir kinayəyə, ağrıya fikir verməyiblər…”

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı qardaşı, Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun Azərbaycanda Türkiyə türkcəsinin dövlət dili elan edilməsi təklifinə münasibət bildirərkən deyib.

 

“Şahbaz deyir ki, evində, küçədə, bazarda ana dilində danışmırsansa, uşağını ana dilində məktəbə qoymursansa, ana dilində buraxılmış kitabları almırsan və oxumursansa, 32 ildir, müstəqilik, amma hələ də rus dilinin gizli və açıq təbliğatını aparırsansa, ana dilinin qorunması və inkişafı haqqında düşünüb real iş görmürsənsə, ana dilində buraxılan kitablar satılmırsa, bəlkə, dünyada daha geniş yayılan və bizim də rahatca anladığımız, istifadə etdiyimiz Türkiyə türkcəsində oxuyub yazaq. Bu, bir həyəcan siqnalıdır. Yatanları oyatmaqdır! Güzgünü qınamaqdansa, özümüzə baxaq! Şahbaza hücum çəkməkdənsə, dilimizin qayğısına qalaq, onu qoruyaq, başqa dillərə heyranlıqdan əl çəkək, ləyaqətimizi uca tutaq. Şahbazın ana dilimizə xidmətinin onda biri qədər xidməti olmayanların onu ittiham etməsi gülüncdür. O, ədəbi dilimizin taleyinə acıdığı və yandığı üçün belə yazıb…”, - deputat deyib.

Xəbərlər