Ümumi, Cəmiyyət 9 Sentyabr 2021, 16:27 | Baxış sayı: 383
"Sadəcə olaraq biz sistemi tuta bilmirik ki, necə edək ki, biz də çıxışlara düşə bilək".

Meclis.info danışmayan deputatlar haqqında infoqrafika hazırlamışdı. 

“Qafqazinfo” da qeyri-fəal olduğu iddia edilən iki deputatla əlaqə saxlayıb. 

Millət vəkili Jalə Əhmədova bildirib ki, onu qeyri-fəal deputat hesab etmək olmaz:

“Milli Məclisin stenoqramlarında çıxışlarım var. Sadəcə olaraq biz sistemi tuta bilmirik ki, necə edək ki, biz də çıxışlara düşə bilək. Plenar iclaslarda çıxışa yazılanlar həddindən artıq çox olur. Sadəcə olaraq çıxış üçün bizə vaxt gəlib çatmır. Adımı çıxışlar üçün yazılmış lövhədə görürəm, ancaq vaxt gəlib çatmır.  

2-3 dəfə plenar iclaslarda çıxışım olub. Sadəcə olaraq mətbuat mənim çıxışımı yayımlamır və “lal” deputat kimi qələmə verir. Amma bu belə deyil. Biz onsuz da çıxışlarımızı stenoqramma üçün veririk. Bizi narahat edən məsələlərdə danışa bilməyən deputatlar çıxışlarını yazılı sürətdə katibliyə təqdim edirlər və bundan sonra stenoqrammaya düşür və oradan da aidiyyəti qurumlara yönəldilir.

Eyni zamanda, özüm tərəfdən də hansısa bir orqanla bağlı məsələni səsləndirmək istəyirəmsə, onu da yazılı şəkildə həmin quruma göndərirəm. Bir də görürsən ki, hər hansı mövzuyla bağlı əksər deputatlar eyni fikirdə olurlar. Bu mövzu hansısa qınaq mövzudursa əksəriyyətimiz ona bu cür yanaşırıq. Mənim səsləndirəcəyim məsələni məndən öncə hansısa deputatlar səsləndiribsə artıq çıxış naminə deməyin mənasını görmürəm.

Onsuz da regionumuzda seçicilərin problemi ilə bağlı dövlət qurumları ilə işləyirik. Feysbuk səhifəmdə də vətəndaşların problem yaşadığı qurumların adını çəkirəm və çəkinmədən adlarını yazıram. Bir il yarımlıq  fəaliyyətimdə hansısa bir məsələ ilə bağlı qurumlarla neqativ halla üzləşməmişəm. Problemlər öz həllini tapıb. Əgər məsələ öz həllini tapıbsa yenidən onu qabartmağın mənası nədir? Bütün bunların da hesabatını aparıram, seçicilərim də bunu görürlər”.

Deputat Vüqar İskəndərov isə qeyd edib ki, məzuniyyət dövründə də dayanmadan seçiciləri ilə işləyib:

“Öz təşəbbüsümlə 7 görüş keçirmişəm. Feysbuk səhifəmdə insanlar keçirdiyim görüşlərlə, etdiyim çıxışlarla tanış ola bilərlər. Parlamentin yaz sessiyasında 3 dəfə çıxış etmişəm.

Plenar iclaslarda hər dəfə danışmaq aktivlik dərəcəsi deyil. Ancaq mən özüm nə qədər cari məsələlərə də çıxışlara yazılmağa cəhd etsəm də, bir çoxu alınmayıb. Komitə iclaslarının hamısında isə çıxış etmişəm. Özümü aktiv deputatlar siyahısında görürəm. Ətrafımda bunu tez-tez eşidirəm.

Mediada və televiziya kanallarında mütəmadi olaraq çıxış edirəm. Şəki şəhəri üzrə 56 şəhid var. Mən onların hər birinin ailəsində iki dəfə olmuşam. Beynəlxalq tədbirlərdə mütəmadi olaraq çıxış edirəm. Hesab edirəm ki, danışmaqdansa daha çox iş görmək çox vacibdir.

Hər ay mütləq şəkildə onlayn və ya səyyar formada iki dəfə vətəndaş qəbulu keçirmişəm. Təkcə yaz sessiyası dövründə mənə 200-dən çox müraciət olub, bunların da təxminən 85 faizi öz həllini tapıb. 

Milli Məclisdə çıxışlara gəldikdə isə gənclərin işsizliyi ilə bağlı çıxış etmişəm. Bu da həmin dövrdə əksər KİV-lərdə gündəm mövzu oldu. Ötən yaz sessiyasında komitə iclaslarının hər birində çıxış etmişəm. Yaz sessiyası dövründə Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinin iyirmi üç, Gənclər və İdman komitəsinin beş iclası keçirilib. Bu iclasların hər birində çıxış etmişəm. Həmçinin ötən yaz sessiyasında 790 sayt, 95 TV, 36 İnternet televiziyalarında müxtəlif mövzularla bağlı çıxışlarım olub”.

Xəbərlər