"Sabir Rüstəmxanlıya İran rejiminin hücumunu pisləyirəm”.
Xalq şairi, deputat, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının onlayn keçirilən Azad İran adlı beynəlxalq konfransa qatılması ciddi reaksiyalar doğurub. Onun çıxışı İranın hakim dairələrində, həm də xaricdə yaşayan bəzi “milli fəal”lar arasında çaşqınlıq yaradıb və sosial mediada bu işlərdən çox uzaq olan, lakin ona hücum üçün bəhanə gəzən adamların dedi-qodu kampaniyasına çevrilib.
S.Rüstəmxanlı isə deyib ki, İran Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərib, onun İran hakimiyyətinin düşməni olan Xalq Mücahidlərinin yığıncağında iştirakına və çıxışına etirazını bildirir, bunu İranın daxili işlərinə qarışmaq hesab edib: “Başqa bir yandan da İsveçdə yaşayan tanınmış güneyli soydaşımız Eldar Qaradağlının İranın Xarici İşlər Nazirliyi ilə sinxron səslənən və təxminən eyni mövqedən yazılmış statusu yayılır. İstər-istəməz bir sual yaranır: xeyir olsun, bunlar haçandan belə anlaşıblar?”
Deputat deyib ki, çıxışının əsas hissəsi Güney Azərbaycan və İran xalqlarının taleyi ilə bağlı olub, normal, demokratik bir sistemin qurulması üçün orada bütün xalqların birgə mübarizəsinin vacibliyini və ayrıca Azərbaycan türklərinin bu baxımdan əsas söz sahibi olduğunu qeyd edib.
S.Rüstəmxanlı İrandan gələn rəsmi etirazlara münasibət bildirərək deyib ki, Azərbaycan həmişə İranla xoş qonşuluq münasibətlərinin tərəfdarı olub: “Azərbaycan dövlətinin rəsmi siyasəti İranın daxili işlərinə qarışmamaqdır. Lakin İran həmişə Azərbaycan xalqının və dövlətinin haqlarını görməzdən gəlib, bizə ”şiə qardaş" deyə-deyə xristian erməniyə yardım edib, çünki İranda şiəlik, islam fars-şovinist rejiminin siyasi alətindən başqa bir şey deyil. İran işğalçı Ermənistana 30 il hər cəhətdən dayaq duranda, ona nəfəs verəndə, işğal olunmuş kəndlərimizi bir yerdə yağmalayanda, işğalçıya qardaş deyəndə, onu Tehranda Türkə qarşı yürüşlərə çıxaranda bizim daxili işlərimizə qarışmırdı? Müharibə günlərində öz ərazisindən silah daşınmasına icazə vermək bizim daxili işimizə qarışmaq demək deyil? “Səhər” televiziya kanalında, “Qafqaz” saytında bizi aşağılamaq, haqqımızda böhtanlar yazdırmaq bizim daxili işlərimizə qarışmaq deyil?"
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Sabir bəyin Azad İran konfransında etdiyi çıxışın mətni ilə tanış olmasa da, onun sonradan verdiyi şərhləri və ittihamlara cavabını oxuyub. F.Ağamalı vurğuladı ki, S.Rüstəmxanlı illər boyu cənublu soydaşlarımızın haqq və hüquqları uğrunda ardıcıl olaraq sözünü deyib, fəaliyyətini ortaya qoyub. F.Ağamalı həmkarının Azərbaycan türkləri ilə bərabər İranda yaşayan digər xalqların hüquqlarından da danışdığını qeyd etdi. Onun fikrincə, S.Rüstəmxanlı bu mövqeyinə görə hücuma məruz qalmalı deyil: “İran molla rejimi 30 ildir ermənilərin yanındadır, bizə müsəlman qardaşı deyib, Ermənistana qucaq açır, nəfəs verir. Biz dəfələrlə məsələ qaldırmışıq ki, İran da qardaş Türkiyə kimi Ermənistanla sərhədini bağlasın. Ancaq təəccüblü budur ki, İran rejimi hələ də Azərbaycan ərazisində separatçıların tör-töküntüləri olan ermənilərə yardımını göstərməkdədir. Halbuki dəfələrlə konkret faktlar sosial şəbəkələrdə göstərilib. Hətta müharibə dövründə Ermənistana gedən yüklərin qarşısının alınması üçün İranda olan dəyərli soydaşlarımız maşınların qabağını kəsdilər, birini də yandırdılar, ondan sonra maşınların girişi dayandırıldı. İndi Sabir bəy haqda sərt fikirlər söyləyənlər zəhmət çəkib buna dair münasibət ortaya qoysunlar - Xankəndi və ətrafda olan ermənilərə daşınan yüklər haqda izahat versinlər, biz də bilək ki, onun içində yanacaqdır, yoxsa nədir...”
Deputat qeyd etdi ki, Azərbaycan tərəfi haqlı olaraq İrana nota göndərib: “Ən müxtəlif kanallarla, diplomatik şəkildə etiraz çatdırıldı, amma yenə bu əməlləri davam etdirirsiniz. Əgər mehriban qonşuluq münasibətlərinin təmin olunmasını istəyirsinizsə, şeytan əməllərindən əl çəkin. Bizim İranın daxili işlərinə qarışmaq ixtiyarımız yoxdur. Sadəcə, insan haqları bəşəri yanaşmadır, biz istəyirik ki, soydaşlarımızın haqqı tanınsın, onların ana dilində təhsil almaq imkanı olsun, məktəbləri açılsın, onların hüquqlarını qoruyan fəal insanlar zindanda çürüdülməsin. Bu, bəşəri yanaşmadır. İstənilən yerdə hüquq tapdalanırsa, biz sözümüzü deməliyik. Avropaya, Amerikaya bundan da sərt çıxışlarımız olub, amma heç vaxt deməyiblər ki, niyə daxili işlərimiz qarışırsınız... İrandan da bunu gözləyirik. Ona görə Sabir Rüstəmxanlıya İran rejiminin hücumunu pisləyirəm”.