Cəmiyyət 28 Fevral 2022, 12:15 | Baxış sayı: 245
"Rusiyanın Ukraynaya hücumunu qətiyyətlə pisləyirik. Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə edirik".

“Vəhdət Partiyası olaraq Azərbaycanın Rusiya ilə münasibətlərini yüksək qiymətləndiririk, lakin Rusiyanın Ukraynaya hücumunu qətiyyətlə pisləyirik. Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə edirik. Unutmaq olmaz ki, Ukrayna dövləti və xalqı 44 günlük Vətən müharibəsində Azərbaycanın tərəfində olub, dəstək nümayiş etdiriblər. Yəni, Ukraynaya dəstək bizim mənəvi borcumuzdur. Mənəvi borcun da məhz belə şəraitdə ödənilməsi çox vacibdir”.

Bunu Pravda.az-a açıqlamasında Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, müharibənin dayandırılmasının, dövlətlərin ərazi bütövlüyünün qorunmasının birmənalı olaraq tərəfdarıdır: “Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya dəstək üçün tibbi ləvazimatlardan və dərman preparatlarından ibarət yardım göstərilməsi üçün tapşırıq verib. Ukrayna Prezidenti Volodimir Zelenski də zəng edərək Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib. Bundan başqa, Azərbaycan və Türkiyə Rusiya-Ukrayna münasibətlərinə dair müzakirələrin aparılması üçün vasitəçilik təklif ediblər. Yəni, dövlətimiz əlindən gələn dəstəyi göstərir. Zelenski də dövlət başçıları arasında görüşün keçirilməsi üçün alternativ məkanlardan biri kimi Bakının olduğunu bildirib. Bu, Azərbaycana göstərilən etimaddır. Ümumiyyətlə belə şəraitdə, Azərbaycan hər iki dövlətlə münasibətlərində balansı qorumağa çalışır. Xalqımız da birliyini nümayiş etdirir və Ukraynana dəstək verir. Müharibədə həlak olan hər kəsə, eləcə də soydaşlarımıza Allahdan rəhmət diləyirik. İtkilərin olması ağıdır, müharibənin tezliklə dayandırılmasının tərəfdarıyıq”.

Xəbərlər