Cəmiyyət 6 İyun 2022, 18:06 | Baxış sayı: 166
"Rusiyanın dövlət agentliyi olan "RİA Novosti" növbəti dəfə təxribata yol verdi".

"Rusiyanın dövlət agentliyi olan "RİA Novosti" növbəti dəfə təxribata yol verdi. Yaramaz bir separatçını dövlət naziri kimi qələmə verərək ondan müsahibə aldı və tirajladı. Təbii ki, belə təxribatlar Azərbaycan-Rusiya arasındakı uzunmüddətli və yüksək səviyyəli dostluğa, strateji münasibətlərə kölgə salır. Əvvəla, bu, Azərbaycanla və Rusiya arasında 1997-ci ildə imzalanmış “Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında” Sazişə və 2022-ci il fevralın 22-də iki ölkə arasında imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə tamamilə ziddir. Əslində, belə təxribatçı addım "RİA Novosti" tərəfindən birinci dəfə deyil atılır. Agentliyin Azərbaycanda bloklanması çox doğru addımdır. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də açıqlama verdi. Bilirik ki, Rusiyada KİV-in bir çoxu, hətta böyük agentliklər, televiziya kanalları erməni lobbiçilərinin, orada yaşayan ermənilərin təsiri altındadır. Zaman-zaman onların təxribat xarakterli sujetləri, yazıları yayımlanıb. Azərbaycan tərəfi də həmişə öz mövqeyini bildirib".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

"Hesab edirəm, rəsmi Moskva bununla bağlı mövqe bildirəcək, belə təxribata qarşı ölçü götürəcək, dövlət agentliyi olan "RİA Novosti" sorğulandırılacaq. Bununla bağlı agentlikdən izahat istəniləcək. Məqsədləri nədirsə, hansı hədəfləri güdürlərsə ortaya çıxacaq. Biz Rusiyanın mövqeyini gözləyirik. Bu məsələdə aydındır ki, erməni izləri var. Hər birinin qarşısı alınmalıdır. Bütün bunlar yolverilməzdir. İki ölkə arasındakı münasibətlər yüksələn xətlə inkişaf etməlidir. Belə təxribatları davam etdirəcək olan mətbuat orqanların hər biri Azərbaycanda bloklanmalıdır. Belə hallara qarşı təxirəsalınmaz tədbirlər görülməlidir", - deputat bildirib.

Xəbərlər