Plenar iclaslar 16 Dekabr 2022, 12:07 | Baxış sayı: 143
"Rusiya sülhməramlılarının missiyasının vaxtından əvvəl sonlandırılması tələb olunmalıdır"

“Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Xankəndi yolunda aksiyası əslində gecikmiş addımdır. Ölkəmiz bu günə kimi dözüm göstərdi, humanitar amilləri nəzərə aldı, Ermənistan və separatçıları isə bu yolu hərbi və talançılıq üçün istifadə etdi. 30 il bəs deyilmiş kimi, indi də Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə ekoloji fəlakət törədirlər”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, bu aksiya vətəndaş cəmiyyəti təmsilçilərin, ekoloji fəalların təşəbbüsü ilə gerçəkləşdirilib və effekt verib: “İndi aksiyanın daha da genişləndirilməsinə və tələblərin də böyüməsinə ehtiyac var. Birincisi, Xankəndi ilə Ermənistanı birləşdirən yolda sərhədçilərimiz və gömrük postumuz yerləşdirilməlidir. Ermənistan Naxçıvana gedən azərbaycanlılara dəhliz vermirsə, biz niyə Ermənistandan gələn ermənilərə əlini-qolunu sallayıb keçməsinə icazə verməliyik? İkincisi, separatizmə dəstək verən və layihə olaraq Qarabağa yerləşən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan torpaqlarımızdan rədd olub getməlidir. Separatçıların quldur başçısı, beynəlxalq axtarışa verilmiş, haqqında qalaq-qalaq cinayət işi açılmış Araik Arutyunyanın həbs edilməsi üçün Xankəndində əməliyyat keçirilməsi ilə bağlı məsələ tələblər arasında olmalıdır. Üçüncüsü, separatizm yuvasının Ermənistanla siyasi və hərbi əlaqələrinin tam kəsilməsi üçün kompromissiz tələblər irəli sürülməlidir. Separatizm yuvasında yaşayan erməni əsilli vətəndaşlarımızın humanitar ehtiyaclarını xarici işlər nazirliyimiz dediyi kimi, Azərbaycan öz üzərinə nəinki götürə bilər, həm də götürməlidir. Dördüncüsü, Rusiya sülhməramlılarının vaxtından əvvəl missiyasının sonlandırılması tələbi qoyulmalıdır. Onlar Qarabağda qaldığı müddətcə, erməni separatçılar bu məsələdən öz çirkin məqsədləri üçün yararlanacaq. Rusiya sülhməramlılarının Qarabağda qalması sülh prosesinə birbaşa maneədir. Beşincisi, dinc aksiyaçıların sayı dəfələrlə arta bilər, separatçılardan hər şey gözləmək də olar. Milli ordumuzun hissələri, polis və hərbi texnikamız onların təhlükəsizliyini təmin etməlidir”.

Millət vəkili Sabir Rüstəmxanlı da qeyd edib ki, Azərbaycan cəmiyyətinin bu gün diqqəti Şuşa-Xankəndi yolunun qovşağında olan aksiyadadır: “Xalq bunun nə ilə nəticələnəcəyini gözləyir. İki ildir, Rusiya sülhməramlıları orada gecə-gündüz ermənilərlə təmasdadır. Bizim əhalimiz ora yerləşmədiyi üçün Rusiya sülhməramlıları bizim əhalinin nə istədiyini bilmir. İndi isə bizim xalqın da nə istədiyini, iradəsini görürlər. Bir neçə gündür ermənilər buna soyqırım və s. kimi adlar yapışdırmağa çalışırlar. Amma necə olur ki, 30 ildir Naxçıvan Azərbaycandan aralıdır, biz bunu humanitar fəlakət kimi təqdim etmirik, amma 2 günə ermənilər yolun bağlanmasını fəlakət kimi təqdim edirlər? Təcili Azərbaycan tələb etməli və buna nail olmalıdır ki, sərhədlərimizdə, Qarabağa gələn yolun üstündə bizim sərhəd və gömrük məntəqəmiz qurulsun. Bizim oradakı ərazilərimizdə nəzarəti gücləndirməliyik: Ermənilər 2020-ci il 10 noyabr sənədini qəbul etmirlərsə, deməli müharibənin bitdiyini qəbul etmirlər”.

Deputat Tural Gəncəliyev Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın sırf Azərbaycan qanunları çərçivəsində olduğunu vurğulayıb. Deputat bildirib ki, etiraz aksiyası keçirən vətəndaşların fikri ilə razıdır: “Aksiyada da tələb olunduğu kimi, müvafiq gömrük və sərhəd postları qurulmalıdır. Digər tərəfdən, təəssüflər olsun ki, Azərbaycan vətəndaşları hələ də Ermənistanın basdırdığı minaların partlaması nəticəsində həlak olurlar. Fransa, Yunanıstan və Ermənistana yaxın olan bəzi ölkələr isə bu gün aksiyaya görə Azərbaycanı haqsız yerə qınayırlar. Azərbaycanı Xankəndinin qazını kəsməkdə ittiham edirlər. Amma Azərbaycan istəsə, bunu 2020-ci il 10 noyabrda edərdi. İkincisi, hələ orada olan qaz infrastrukturu tam Azərbaycana reinteqrasiya olmayıb. Ona görə də onların bu iddiaları da absurddur”.

Deputat Azər Badamov nəzərə çatdırıb ki, Azərbaycan öz ərazilərinə nəzarət edir və bərpa işləri aparır. Deputat xatırladıb ki, artıq 5-ci gündür ki, QHT nümayəndələri və müxtəlif sahələri əhatə edən fəallar etiraz edərək, qanunsuz əməllər üçün istifadə olunan Laçın yoluna nəzarət edilməsini və bu cinayətlərə son qoyulmasını tələb edirlər: “Qarabağda müvəqqəti yerləşən sülhməramlıların ermənilərin özbaşınalıqlarına göz yumduqlarını müşahidə edərək səsimizi çıxarmaya bilmərik. 10 noyabr Bəyannaməsinin bəndləri yerinə yetirilmir. Beynəlxalq ictimaiyyətin bu məsələyə birtərəfli yanaşması Ermənistanı ruhlandırır və erməniləri yeni cinayətə sövq edir. Laçın yolunda dövlətimizin nəzarət keçid məntəqələri yaradılmalıdır. Xankəndidə yaşayan erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsinin vaxtı gəlib çatıb. Biz bunu hər zaman bəyan etmişik və bu gün də onların təhlükəsizliyini təmin etməyə hazırıq. Sülhməramlıların nəzarəti altındakı ərazilərimizdə yaşayan erməni əsilli vətəndaşlarımız Araik Artunyanın, Ruben Vardanyan və digər separatçıların girovluğundan azad olunmalıdır”.

Xəbərlər