Siyasət 24 Mart 2023, 18:51 | Baxış sayı: 165
"Rusiya sülhməramlıları Qarabağda terrorçulara dəstək verir, onları himayə edir"

“Dəfələrlə Rusiya sülhməramlılarının nəzarəti altında Ermənistan Azərbaycan ərazilərinə silah-sursat daşıyıb. Bu tip qanunsuzluqların qarşısının alınmasının yeganə çıxış yolu Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolu üzərində mütləq sərhəd-keçid məntəqəmizin qurulmasıdır. Azərbaycan bilməlidir ki, ərazisindən kim nə keçirdir, müstəqil dövlət kimi nəzarət etməlidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, bu gün müharibədə məğlub olmuş, kapitulyasiya aktına qol çəkmiş, məhv olmuş bir dövlət tez-tez təxribatlar törədir: “Təbii ki, bu, sülhməramlıların himayəsində olmalarından irəli gəlir. Ermənilər artıq alternativ quru yollardan istifadə edərək Ermənistana gedib gəlirlər. Rusiya sülhməramlıları isə buna nəzarət etmək əvəzinə şərait yaradırlar ki, Ermənistandan Azərbaycan torpaqları olan Qarabağa hər cür silah-sursat daşınsın. Həmin yollara biz özümüz nəzarət etməliyik, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın tələblərinə əməl olunmalıdır. Rusiya hərbi kontingenti öz məramını unutmamalıdır”.

Müşfiq Cəfərov qeyd edib ki, müharibənin iki ildən çoxdur ki, başa çatmasına baxmayaraq bu günə qədər hələ də Ermənistan dövlətinin silahlı birləşmələri qanunsuz şəkildə ərazimizdə qalmaqda davam edir: “Ermənilər mülki paltarda həmin rus sülhməramlıların maşınları ilə yerlərini dəyişir. Ərazilərimizdə hələ yeni səngər, istehkam qurğuları yaradırlar, müşahidə kameraları qururlar, silahlanırlar, təlimlər keçirlər. Artıq qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi də müəyyən edilib. Bu da ondan xəbər verir ki, Ermənistan rəhbərliyinin sülh haqqında dedikləri bütün fikirlər, təkliflər, sözlər riyakarlıqdan, vaxt qazanmağa hesablanmış manevrdən başqa bir şey deyil. Bu səbəbdən də Azərbaycan tərəfi haqlı olaraq bütün bu təxribatlara cavab verəcək”.

Deputat son iki ildə qeyri-qanuni erməni silahlı birləşmələrinin təxribatlarına görə Rusiya sülhməramlılarının da məsuliyyət daşıdıqlarını vurğulayıb: “Çünki onlar bu müddət ərzində etimadı doğrultmadılar. Onların nəzarəti altında olan ərazilərdə qanunsuz keçidlər oldu, terrorçulara silah-sursat daşındı. Üstəlik onların nəzarətində olan Azərbaycan ərazilərində erməni terrorçuları təbii sərvətlərin talanmasını həyata keçirdilər, ekoloji terror törətdilər. Rusiya sülhməramlıları Qarabağda terrorçulara dəstək verir, onları himayə edir. Bu qüvvələr Azərbaycan ərazisinə sülh üçün gəliblər və sülhə də xidmət etməlidirlər”.

Xəbərlər