"Rusiya regionla bağlı siyasətini bu reallığa uyğun formalaşdırmalı, Ermənistana dəstəyini dayandırmalı və hərbi bazasını bu ölkədən çıxarmalıdır”.
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona səfəri çərçivəsində Ermənistanda keçirdiyi görüşlərin nəticəsi Ermənistanın Rusiyaya növbəti xəyanəti kimi qiymətləndirilməlidir. Paşinyan yenə Qərblə işbirliyində maraqlı tərəf olmağa çalışır”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, Paşinyan hər dəfə mürəkkəb vəziyyətə düşəndə Rusiya Prezidenti Vladimir Putin ona yardım edib, vəziyyətdən çıxarıb: “Elə hərbçilər qiyam qaldırmağa hazırlaşanda da məhz Putinin dəstəyi Paşinyanı xilas etdi. Koçaryan Rusiyaya yaxınlığı ilə seçilsə də, Rusiya seçkilərdə də Paşinyana problem yaratmadı. Amma Paşinyan qərbyönlü mövqeyinə uyğun olaraq, Qərb dairələri ilə işbirliyini inkişaf etdirir. Ermənistanın NATO, Aİ və digər təsisatlarla ardıcıl təmasları bunu təsdiq edir”.
C. Osmanov nəzərə çatdırıb ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İrəvana səfəri zamanı Ermənistana 2,6 milyard avroluq yardım paketinin ayrılacağını təsdiqləyib: “Bu, o deməkdir ki, Aİ Ermənistanda Marşal planını tətbiq edir və faktiki olaraq Ermənistanı satın alır. Göründüyü kimi, Paşinyanın Qərblə dərin əlaqələri və təmasları sonda Rusiya üçün arzuolunmaz ssenarinin reallaşdırılmasına gətirib çıxardı. Üstəlik, nəzərə alınmalıdır ki, Şarl Mişel fransalıdır və Emmanuel Makronla eyni ideoloji platformadan çıxış edən şəxsdir”.
Deputat vurğulayıb ki, Rusiya üçün artıq qəti qərar vermək zamanıdır: “Moskvanın İrəvana ardıcıl dəstəyinə baxmayaraq, rəsmi İrəvan Qərbə doğru irəliləməkdə davam edir. Paşinyanın Qərbin adamı olan Armen Qriqoryanı XİN rəhbərinin birinci müavini təyin etməsi bu siyasətin davam etdirildiyini aydın göstərir. Rusiya regionla bağlı siyasətini bu reallığa uyğun formalaşdırmalı, Ermənistana dəstəyini dayandırmalı və hərbi bazasını bu ölkədən çıxarmalıdır”.
Deputat həmçinin, Avropa İttifaqının Ermənistana 2.6 milyard avroluq yardım paketi ayırması, bunun müqabilində isə Azərbaycana cəmi 150 milyon avroluq yardımın nəzərdə tutulması ilə bağlı məsələyə də münasibət bildirib: “Bu, bir çox suallar doğurur. Avropa İttifaqında yaxşı bilirlər ki, 30 illik işğal dövründə Ermənistan həmin əraziləri tamamilə dağıdıb və talan edib. Oranın bərpası ilə bağlı milyardlarla vəsait tələb olunur. Necə olur ki, zərər çəkən Azərbaycan, yardım isə Ermənistana ayrılır. Bu Aİ-nin növbəti ikili standartlarıdır. Bu məntiqlə, Aİ Azərbaycana ən azı 5 milyard avroluq yardım paketi ayırmalıdır. Şarl Mişel Azərbaycana gələndə bu məsələ onun qarşısında qaldırılmalıdır”.