“Ruhi xəstələrin partiya fəaliyyətində iştirakı ciddi araşdırılmalıdır”
“Ruhi xəstələrin siyasi proseslərdə və partiya fəaliyyətində iştirakı ciddi araşdırılmalıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı çıxışında deyib.
“Müəyyən məqamlar var ki, hansısa qanun tərəfindən həm partiya yaradıcılarına, həm də siyasi fəaliyyətlə məşğul olan şəxslərə məhdudiyyət qoyulur. Misal olaraq, dini eksterizm və dini siyasi proseslərdən kənarlaşdırmaq. Buna böyük ehtiyac var. Bununla yanaşı, xarici ölkələrin Azərbaycanın siyasi sisteminə qoşulmasına imkan verməmək məntiqli və zəruridir”, - partiya sədri bildirib.
O qeyd edib ki, ruhi xəstələrin siyasi proseslərdə və partiya fəaliyyətində iştirakı ciddi araşdırılmalıdır: “Bunu araşdırmaq elə də çətin deyil. Çünki ölkədə həmin şəxslərin hamısı qeydiyyatdan keçib. Lakin bir sıra məqamlar var ki, dövlətin partiya fəaliyyətinə müdaxiləsinin qarşısı alınmalıdır”.
Deputat əlavə edib ki, bütün məhdudiyyətlər qanun layihəsindən çıxarılımalıdır: “Məqsədə çatmalıyıq, Azərbaycanı demokratik dövlət kimi inkişaf etdirməliyik. Məsləhət görərdim ki, Venesiya komissiyası ilə birgə işləri bərpa edilsin. Beynəlxalq təşkilatlara qanunun yaradılma məqsədi, Azərbaycanda həyata keçirilən siyasi islahatların zərurəti ilə bağlı işlərin davamına ehtiyac var. Hesab edirəm ki, bu, Azərbaycan dövlətinin nüfuzunu artıra bilər”.