Cəmiyyət 12 May 2022, 13:55 | Baxış sayı: 173
"Rəsulzadənin məzarının Azərbaycana gətirilməsinə ehtiyac yoxdur".

“Türkiyə də bizim Vətənimiz və türk dünyasının bir parçası olduğu üçün Məmməd Əmin Rəsulzadənin məzarının Azərbaycana gətirilməsinə ehtiyac yoxdur. Bu, mənim subyektiv fikrimdir. Əlbəttə ki, Azərbaycan xalqının Məmməd Əmin Rəsulzadəyə olan hörməti sonsuzdur. Vaxtilə Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev də onun irsinə və Azərbaycan tarixindəki roluna hər zaman böyük diqqət və qayğı göstəriblər”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, Məmməd Əmin Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi zəruri deyil: “Türkiyə bizim üçün doğma və əzizdir, bütövlükdə Türk dünyası üçün önəmli məkandır. Ona görə də Məmməd Əmin Rəsulzadə, eləcə də digər Cümhuriyyət qurucularının məzarlarının Azərbaycana gətirilməsinə ciddi zərurət yoxdur. Burada kimisə diqqətsizlikdə günahlandırmaq doğru deyil. Ona görə də hakimiyyətə bu mənada irad bildirməyin əsası və yeri yoxdur. Bu, sağlam mövqenin göstəricisi deyil. Əlbəttə ki, Cümhuriyyət qurucularının həyatı, taleyi onların məzarlarının harada yerləşməsindən asılı olmayaraq, hər birimiz üçün əhəmiyyətlidir”.

Xəbərlər