İqtisadiyyat 26 Yanvar 2024, 4:03 | Baxış sayı: 162
"Rəqabət qanunu dərman qiymətlərinin artmasının qarşısını alacaq"

Ötən gün Prezident İlham Əliyev "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunu təsdiqlədi. Məcəllə iyunun 1-dən qüvvəyə minəcək. Məcəllənin qüvvəyə minməsi əhalinin zəruri ehtiyaclarından olan dərmanların qiymətinin tənzimlənməsinə təsir edəcəkmi? 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev vətəndaşları maraqlandıran məsələyə açıqlamasında aydınlıq gətirib:

“15-16 il idi ki, bu Məcəlləni müzakirə edirdik, bunun təşəbbüskarları var idi. Rəqabət qanununun özü bazar isqtisadiyyatında tələb-təklif qanunundan sonra ən başlıca prinsipdir. Bu qanun onsuz da bu və ya digər formada işləyirdi, sadəcə olaraq qanunun tələblərini pozanlara qarşı tətbiq olunan addımlar bir o qədər effektiv deyildi. İndi daha güclü alətlər var. Süni şəkildə qiymət artıranlarla mübarizə sərtləşəcək, həmçinin dərman qiymətləri də tənzimlənəcək. Dərmanların qiymətləri ilə bağlı Tarif Şurasının müvafiq qərarı var və reyestrdə müəyyən olunmuş qiymətlərdən yuxarı qiymətə dərmanların satışına icazə verilmir. Hansı aptekdə müəyyən edilmiş qiymətdən baha satılacaqsa, həmin aptek cəzalandırılacaq. Vətəndaşlar bununla bağlı aidiyyəti orqanlara, millət vəkillərinə müraciət edə bilərlər. Düşünürəm ki, hazırkı tənzimləmə mexanizmləri kifayət qədər təsirlidir. Tələb-təklif qanunu tam gücü ilə işləyir, xüsusən də Azərbaycanda iaşə sferasında. Nə qədər mal və xidmətin satışı və göstərilməsi artıq olarsa, bir o qədər də qiymətlər stabil qalacaq və hətta aşağı düşəcək. Rəqabət qanunu da həmin qiymətləri tənzimləyəcək və artımın qarşısını alacaq”.

demokrat.az

Xəbərlər