“Referendumun keçirilməsi mümkündür”
Xəbər verdiyimiz kimi, ölkəmizdə kontitusion dəyişikliklərlə bağlı referendumun keçirilməsi məsələsi yenidən gündəmə gəlib. Belə ki, Milli Məclisin deputatı Erkin Qədirli referendumun keçirilməsi ilə bağlı iddia ilə çıxış edib.
Deputat, bu ilin payızında referendum keçirilməsi ehtimalından danışıb. E.Qədirli hansı sahələrdə dəyişikliklərin olacağına da diqqət çəkib.
Millət vəkili icra hakimiyyəti təsisatının ləğv olunacağını, proporsional seçki sisteminin bərpası və parlamentin ikipalatalı olması ilə bağlı dəyişikliklərin olacağını qeyd edib.
“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da referendumun keçirilə biləcəyini vurğulayıb:
“Hələ ki, referendumla bağlı məsələlər gündəmdə deyil. Çünki Milli Məclisin sessiyası başa çatıb. Ola bilər ki, payız ərəfəsində bu məsələ gündəmə gəlsin. İstənilən halda, referendumun keçirilməsi mümkündür. Çünki bir sıra sahələrdə kontitusion dəyişikliklərlə ehtiyac var. Xüsusən də, idarəetmə və parlamentlə bağlı irəliyə doğru müəyyən addımların atılması, dolayısı ilə, Konstitusiyanın dəyişməsi də vacibdir.
Buna görə də, referendumun keçirilməsi mümkündür. Lakin hələlik bununla bağlı parlamentə sənəd daxil olmayıb. Ona görə də gözləmək lazımdır”.