“REAL Partiyasına heç bir təzyiqdən söhbət gedə bilməz”
“Respublikaçı Alternativ Partiyasına (REAL-red) heç bir təzyiqdən söhbət gedə bilməz. REAL müxalif partiyadır. Ölkəmizdə bütün partiyalar eyni hüquqlara malikdir. REAL da digər partiyalar kimi qeydiyyatdan keçməlidir. Bunun üçün də 5 min üzvün olması tələbi var. 5 min üzvü toplaya biləcəksə, təbii ki, REAL Partiya qeydiyyatdan keçəcək. Əks halda, heç bir partiyanın digərindən üstünlüyü yoxdur. Hamısı qanun qarşısında bərabərdir, eyni hüquq və vəzifələrə malikdirlər. Bu məsələdə başqa məna axtarmağın mənası yoxdur. Hər şey partiyanın özündən asılıdır. İctimai dəstəyə malik olsun, üzvlərinin sayını 5 minə çatdırsın, bundan artıq üzvə malik olsun, onda onlar üçün “yaşıl işıq”dır. Bunu edə bilmirlərsə, heç kimi günahladırmasınlar, günah özlərindədir”.
Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov deyib.
Deputat xatırladıb ki, ölkədə, təxminən, 30 il sonra “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edilib: “Bu qanun həm də ictimai sifariş idi. Çünki həm beynəlxalq aləmdə, həm də ölkəmizin reallıqları fonunda çox şeylər dəyişmişdi. Buna görə də “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi tarixi zərurətə çevrilmişdi və geniş ictimai müzakirələrdən sonra qəbul edildi. Parlamentdə üç oxunuşdan keçdi. Artıq qüvvədə olan bir qanundur, icrası icbari xarakter kəsb edir. Qanunun tələblərinə görə, siyasi partiyalar yenidən qeydiyyatdan keçməlidirlər. Bunun üçün isə minimum 5 min üzvün olması tələbi var. Reallıq isə bunu göstərir ki, qeydiyyatdan keçmək üçün heç də hər partiya bu qədər sosial bazaya malik deyilmiş. Bir çox partiyalar “sinələrinə döyürdülər” ki, guya böyük elektoratları, xalq dəstəyi, ictimai dəstəkləri var. Ancaq qeydiyyat prosesi fərqli mənzərəni ortaya qoydu. Məlum oldu ki, əslində elə deyilmiş. Bu gün ictimai fikrə təsir etmək iqtidarında olan partiyaların sayı əslində o qədər də çox deyil. Bu səbəbdən artıq xeyli partiyalar fəaliyyətlərini dayandırmalı olublar. Azərbaycanın siyasi səhnəsində o partiyalar öz mövcudluqlarını qoruyub-saxlayacaqlar ki, elektoratları var, onlara ictimai dəstək var, ölkə daxilində siyasi proseslərə təsir etmək potensialına malikdirlər. Əgər bu və ya digər partiya siyasi səhnəni tərk edirsə, günah ancaq onun özündədir. İctimai etimad qazana bilməmələri fəaliyyətlərinin sona çatmasını şərtləndirib”.
pravda.az