Siyasət 17 Aprel 2023, 14:39 | Baxış sayı: 94
"Ərdoğan və İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində TDT daha da inkişaf edəcək"

Türk Dövlətləri Təşkilatı dünya miqyasında nüfuzlu, mühüm rola malik beynəlxalq təşkilata çevrilib.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Bayramov bildirib.

Deputat deyib ki, dünyada baş verən müharibə və münaqişələr yeni dünya nizamını formalaşdırmağı və soykökləri, dilləri, mədəniyyətləri eyni olan ölkələri birləşməyi aktuallaşdırıb: "Belə birlikdə birləşən dövlətlər öz aralarında siyasi-iqtisadi münasibətləri möhkəmləndirir və dünyada baş verən proseslərdən yan keçməsinə imkanlar əldə edir. Türk Dövlətləri Təşkilatı dünya çapında söz sahibi olan müstəqil dövlətləri birləşdirərək eyni mövqedən çıxış edən yeni bir ittifaqa çevrilib. Bu təşkilatda 5 daimi və 2 müşahidəçi qismində olmaqla, 7 dövlət təmsil olunmaqla Avropadan Mərkəzi Asiyaya qədər olan böyük bir regionu əhatə edir. Türk Dövlətləri Təşkilatı günü-gündən güclənir və bu təşkilata daxil dövlətlər gələcəyə olan perspektivlərinin müəyyənləşdirilməsində eyni mövqedən çıxış etməklə əməkdaşlığı dərinləşdirir. İlk növbədə iqtisadi əlaqələr dərinləşir, beynəlxalq platformalarda bir-birinin yanında olur, mədəni və humanitar əlaqələri inkişaf etdirməklə eyni soykökə malik olduqlarını bütün dünyaya nümayiş etdirirlər”.

Azər Bayramov nəzərə çatdırıb ki, Türk Dövlətləri Təşkilatının yaranmasının təşəbbüskarı və təşkilatçısı Türkiyə və Azərbaycandır: “Türk Dövlətləri Təşkilatının möhkəmlənməsində Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna rolları var. 16 martda Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısı bir daha sübut etdi ki, bu təşkilatda birləşən dövlətlər nəinki qarşılıqlı fayda prinsipi ilə birləşib, həm də çətin günlərdə bir-birlərinin yanında olmağı həyat prinsipinə çevirib. Çünki eyni soykökə malik dövlətlərdən birində fəlakət baş verdiyi halda digərləri kənardan seyredici mövqedə dayana bilməz. Fövqəladə Zirvə Toplantısında ümumi yardım fondunun yaradılması haqqında qərarın qəbul olunması Türk Dövlətləri Təşkilatının böyüklüyünün göstəricisidir. Hesab edirəm ki, Türküyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Türk Dövlətləri Təşkilatı qarşıdakı illərdə daha da inkişaf edəcək, dünyanın ən vacib təşkilatlarından biri olduğunu təsdiqləyəcək”

Xəbərlər