Cəmiyyət 22 Fevral 2023, 16:03 | Baxış sayı: 193
“Ramiz Novruz kimi aktyor diqqətdən kənarda qalmamalı idi”

“Xalq artisti Ramiz Novruz aktyorlar arasında sevdiyim insanlardan biri idi. Həm də mənim ssenarim əsasında çəkilmiş “Cavad xan” filmində əsas baş rollardan biri olan Sisianov rolunu oynamışdı. Həmin vaxt da elə bir az haqsızlq var idi. Buna baxmayaraq, Ramiz Novruz böyük əzmkarlıqla axıra kimi dözdü və o rolu oynadı. Səhnədə də bir çox parlaq, gözəl obrazlar yaratmışdı. Yadımdadır, Xalq artisti Nurəddin Mehdixanlı ilə birgə “Xəcalət” pyesini oynamışdı. Son dərəcə gözəl bir obraz yaratmışdı. “Həzi Aslanov” filmində Həzi Aslanovun surətini yaradıb və çox uğurlu filmdir. Belə bir aktyor, əlbəttə, diqqətdən kənarda qalmamalı idi…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Sabir Rüstəmxanlı deyib.

 

S.Rüstəmxanlı Ramiz Novruzun dəfn mərasimində Mədəniyyət Nazirliyi barədə səslənən iradlara da münasibət bildirib: “Bunların hamısı Mədəniyyət Nazirliyinin işi deyil. Mədəniyyət Nazirliyində gündə biri gedir, biri gəlir. Mədəniyyət Nazirliyi bir az yaradıcılıq təşkilatlarını sərbəst buraxmalıdır. Yaradıcılıq təşkilatları, kollektiv, teatr rəhbərliyi, Teatr Xadimləri İttifaqı qərar qəbul etməli, özləri müəyyənləşdirməlidirlər. Bir ölçü var: “Xalq artisti” deyirsən. Xalq artisti adı verilibsə, artıq əvvəlcədən bir Əsasnamə olmalıdır. Dünyasını dəyişən Xalq artistləri öz iş yerlərindən götürülsünlər. Bu nəyə görə vacibdir? Çünki bəzilərinin heç uyğun bir evi yoxdur, bəzilərinin yaşadığı yer uzaqdır, sənət dostları ora gedə bilmirlər. Hökmən deyildi ki, bütün şəhər teatra axışsın. Sənət dostları mərhumla vidalaşır və onu götürürlər. Hardan götürülüb, harda dəfn olunmaqla bağlı da bir prinsip olmalıdır. “Birinin dost-tanışı çoxdur, daha prestijli yerdə dəfn edək, o birini aparaq ucqar kəndlərin birinə ataq…” Belə olmaz, düzgün deyil. Ona görə də sistem olmalıdır. Əlbəttə, Ramiz Novruz Xalq artistimizdir, təəssüflənirəm ki, ona olan münasibət həmkarları arasında narazılıq yaradıb. Bilirsiniz, hər kəs bu məsələlərdə öz taleyini görür. Bu da vacibdir. Bu adamlar respublika miqyasında nəsə istəmirlər ki, hökmən Prezident Sərəncam imzalasın, ya Baş nazir qərar versin. Ramiz Novruz müəssisənin işçisidir, Xalq artistidir, hörmətli bir adamdır. Yarım saat, ya bir saat dostları vidalaşır, teatrdan götürürlər. Burda nə var ki?”

Xəbərlər