Siyasət 18 Aprel 2024, 14:37 | Baxış sayı: 255
"Radikal müxalifət deyirdi ki, Rusiya sülhməramlıları burada əbədi qalacaq"

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. 

Məlumata görə, Rusiya kontingenti ölkəmizi birdəfəlik və tam olaraq tərk edir. 

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Fəzail Ağamalı dedi ki, bu xoş hisslər yardan bir informasiyadır:

"Etiraf edim ki, bilirdim ki, Rusiya sülhməramlıları zamanında və vaxtında, hətta ola bilsin ki, daha əvvəl Azərbaycanı tərk edəcək. Lakin bəzi ağzıgöycəklər, xüsusi olaraq radikal müxalifət və onun təmsilçiləri, eyni zamanda anti-Azərbaycan qüvvələri içərisində yer alan antimilli şəxslər Rusiya sülhməramlılarının Azərbaycana gəlişini, Azərbaycanın az qala rus qoşunları tərəfindən işğalı kimi dəyərləndirir və qiymətləndirirdilər. Cəmiyyətdə xoşagəlməz fikirlər formalaşdırmaq üçün söyləmiş olduqları ittihamlar, hətta ləyaqətsiz fikirlər təbii ki, cəmiyyət tərəfindən o qədər də müsbət qarşılanmırdı. Ancaq bəzi adamlar onların təsiri altına düşürdü. Elə güman edirlər ki, Rusiya sülhməramlıları burada əbədi qalacaq, ən müxtəlif bəhanlərlə Rusiya burada özünün hərbi bazasını yenidən bərpa edəcək və bu kimi fikirlər absurd idi, cəfəngiyat idi. Ən azı möhtərəm prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevi tanıyanlar, onun fəaliyyətini diqqətlə izləyib, onun fəaliyyətinə, şəxsi keyfiyyətlərinə obyektiv qiymət verən hər bir kəs bilirdi ki, bu, mümkün olmayacaq. Çünki ölkə prezidenti bir problemi həll edib, daha ikinci problemi Azərbaycan xalqı üçün qoymayacaq. Yəni erməni problemi həll olunursa, Azərbaycanda erməni işğalına tamamilə son qoyulursa, erməni separatizmi yerlə bir edilirsə, məhv edilirsə, onun bütün əlamətləri Azərbaycandan sıxışdırılıb çıxarılırsa, deməli, bu problem həll olunursa, heç bir halda Rusiyanın yenidən özünün hərbi qüvvələrinin Azərbaycanda yerləşməsinə cənab prezident imkan verməyəcək. Çünki bu, onun siyasətinə, xarakterinə, hədəflərinə qətiyyən uyğun deyil. Buna inanırdım və dəfələrlə Milli Məclisin iclasarında, jurnalistlərin suallarına cavab verəndə mən bunu diqqətə çəkirdim ki, vaxtından əvvəl də Rusiyanın sülhməramlı qüvvələrinin Azərbaycandan gedişinin şahidi olacağıq, onlarla üz-üzə gəlməyə, qarşıdurma yaratmağa ehtiyac yoxdur. Onlar sadəcə olaraq, hansısa məqamda, hansı vaxtlarda ermənilərin yanında olurdularsa, sepratizmlə bərabər olurdularsa, biz onların üstünə gedirdik, tənqid edirdik, ittiham edirdik. Onların komandirlərinin Azərbaycana qarşı xoşagəlməz, Azərbaycanın milli maraqlarına toxunan, suverenliyinə zərər verən hərəkətlərinin hər zaman üzərinə gedirdik. Bu da, Azərbaycanın dövlətçilik mövqeyində dayanan siyasətçilərin çox ciddi diqqət mərkəzində idi".

Millət vəkili dedi ki, eyni zamanda onların fəaliyyətinin məhdudlaşdırılması və özündən razı sülhməramlı komandirlərin öz yerinə oturdulmasında ekofəalların böyük fədakarlığı mühüm rol oynadı.

"Bu gün həbsxanada cəzasını çəkən, istintaq altında olan Vardanyan kimi vandalın hərəkətlərinə və Azərbaycana qarşı cinayətlərinə, təbii sərvətlərimizin daşınmasına qarşı dayanaraq, orada Rusiyanın sülhməramlı qüvvələrinin fəaliyyətinə hər hansı bir müdaxilə etmədən, öz fədakarlıqları ilə, qışda, qarda, boranda heç kəsdən çəkinməyərək sona qədər torpağımıza, suverenliyimizə sədaqət nümayiş etdirən igid övladlarımız Rusiya sülhməramlılarının da yumşaq güclə dərsini verdilər. Bunların hamısı ölkə Prezidentinin layihəsi içərisində yer alan yumşaq güclə, sərt gücü uzlaşdıraraq, bütün problemin həllinə yönəldilməsinin master-klası idi. İlham Əliyevi yaxından tanıyan, onu yaxından izləyən, obyektiv qiymət verənlərin hər biri bilirdi ki, dünya səviyyəli siyasəti, master-klası və korifey siyasətçi kimi bu gün dünya miqyasında özünü təsdiq edən İlham Əliyev heç bir halda suverenliyimizə xələl gətirən hər hansı bir addımın atılmasına imkan verməyəcək. Eyni zamanda Rusiyanın sülhməramlı qüvvələri də Azərbaycanı tərk edir, artıq biz onların son elementlərini görməkdəyik. Artıq Kəlbəcərdə Xudavəng monastrında oranı kimdən qoruduğunu bilmədiyim sülhməramlılar həmin yeri tərk edir. 2025-ci ilin noyabr ayına qədər onların zamanı var və mən tamamilə əminəm ki, sülhməramlı qüvvələr 2025-in noyabrına qədər Azərbaycanı tərk edəcəklər. Çünki  onların Azərbaycanda həyata keçirəcəyi hər hansı bir funksiya yoxdur. Ermənilər gedib, separatizm məhv edilib, işğala son qoymuşuq, Azərbaycanın içərisində azərbaycanlılara təxribat törədə biləcək təxribatlar yoxdur, bu yuva yerlə bir edilib. Deməli sülhməramlılara ehtiyac yoxdur, onlar ən geci, 2025-ci ilin noyabr ayında gedəcəklər", - deyə F.Ağamalı vurğuladı.

redaktor.az

Xəbərlər