Plenar iclaslar 2 May 2023, 13:11 | Baxış sayı: 83
"Radikal düşüncə və təfəkkürdə olanlar məscidlərimizdə vəzifələrdən uzaqlaşdırılmalıdır".

"Radikal düşüncə və təfəkkürdə olanlar məscidlərimizdə vəzifələrdən uzaqlaşdırılmalıdır".

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin mayın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Dini vəziyyətdən danışan C.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə İranla gərginliyin azaldılması, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atılır.

Onun sözlərinə görə, son günlər İran tərəfinin Azərbaycana qarşı siyasətində də müsbət dəyişikliklər hiss olunur: “Əvvəlki dövrlərdəki sərt bəyanat və ittihamlar azalıb. Onu da qeyd edim ki, hazırkı dönəmdə bu addımların atılması çox önəmlidir. İnsanlarımız bilməlidir ki, nə İran bu bölgədən gedəndi, nə də Azərbaycan. Biz mütləq normal qonşuluq münasibətləri qurmalıyıq. Bir neçə gündür mediada davamlı olaraq ölkəmizdə "Kərimə dövləti" qurmağa çağırış edən, Azərbaycan gənclərini bu məqsədlə təşkilatlanmağa, təxribatlar törətməyə təhrik edən iki şəxsin - Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbsi ilə bağlı məlumatlar yayılmaqdadır. Onları əksəriyyət tanıyır". 

C.Məmmədovun sözlərinə görə, İranda oturub Azərbaycana qarşı davamlı təxribat xarakterli çıxışlar edənlər yalnız bu iki şəxs deyil: "Onlarla belə şəxslər İranda bu cür fəaliyyətləri zaman-zaman davam etdirirlər. Bu əksər hallarda daha çox münasibətlər gərginləşəndə özünü büruzə verir. Düşünürəm münasibətlərin daha da normallaşdırılması, gələcəkdə belə fəaliyyətlərin davam etdirilməməsi üçün İran tərəfi hər iki şəxsi ən qısa vaxtda Azərbaycana təhvil verməlidir. Bu edilmədiyi və onlar azad olunduğu təqdirdə həmin şəxslər ölkələrimiz arasında münasibətlərin gərginləşməsinə və pozulmasına yönəlmiş fəaliyyətləri, "Kərimə dövləti" ilə bağlı çağırışları davam etdirəcəklər". 

Deputat həmçinin əlavə edib ki, bütün bunlara paralel olaraq ölkə daxilində də radikal təriqətlərin, ölkəmizin həyata keçirdiyi siyasətə qarşı təbliğat aparan şəxslərin həbsi davam etdirilməlidir: “Əslində son günlər hüquq mühafizə orqanları bu istiqamətdə çox ciddi addımlar atmaqdadırlar. Ancaq bu da reallıqdır ki, onların sayı on minlərlədir. Eyni zamanda, ölkəmizdə dini fəaliyyət sahəsində islahatlar sürətləndirilməlidir. Biz islahatlarda gecikməməliyik. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi üçün ən ciddi təhdidi siyasiləşmiş və radikal islam təşkil edir. Hələ də bir sıra bölgə və məscidlərimizdə bu təfəkkür və düşüncədə olan din xadimləri fəaliyyət göstərməkdədir. Bu çox ciddi məsələdir”. 

C.Məmmədov vurğulayıb ki, indidən bu istiqamətdə ciddi addımlar atılmasa, islahatlar həyata keçirilməsə gələcəkdə çox ciddi təhdidlər yaranacaq: "Bunun üçün kompleks tədbirlərin həyata keçirilməsini davam etdirməliyik".

Xəbərlər