KOMİTƏ İCLASLARI 18 Yanvar 2023, 12:09 | Baxış sayı: 263
"Qız oxuyub qırmızı diplom alır, amma bu, ona heç nə vermir"

“Biz parlamentin Elm və təhsil komitəsi ilə birgə dinləmə keçirməliyik”.

APA xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliyev deyib.

Deputat bildirib ki, təhsil problemləri birlikdə müzakirə edilməlidir: “Bağçalarda, orta məktəblərdə çoxlu problemlər var. Məsələn, bir qız oxuyub qırmızı diplom alır, amma bu, ona heç nə vermir. Elm və Təhsil Nazirliyinə hansısa problemi deyirsən, deyir bizlik deyil. Məktəb direktorlarını rüşvət üstündə tuturlar. Bəs onlar təhsili haçan verəcəklər?”.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova dinləmənin keçirilə biləcəyini qeyd edib: “Əvvəllər qızıl medalla bitirən, əlaçı uşaqları imtahansız qəbul edirdilər. Universiteti qırmızı diplomla bitirənlərə hansısa maraq var idi, dövlət qurumları buna çox böyük diqqət yönəldirdilər. Bir çox ölkələrdə reytinqi yüksək olan təhsil ocaqlarını bitirən uşaqların bir çoxunu artıq dövlət qurumlarında və özəl sektorda nəzarətə götürürlər və hələ universiteti bitirmədən onlara təkliflər gəlir. Hətta NASA-nın da belə layihəsi var. Bu qurumlar uşaqlara təklif edir ki, təhsil haqqını ödəsinlər və onlar universiteti bitirəndə həmin qurumda işləsin. Digər tərəfdən, qırmızı diplomu necə almaları, hansısa formada onların bilikləri yoxlanılmalıdır. Bilmək lazımdır ki, doğrudan bu diplom real diplomdurmu? Bizdə əvvəllər təhsil ocaqları var idi ki, orada təhsilin necə keçirilməsi bizə məlumdur. Sağ olsun, Prezident onları ləğv etdi”.

Xəbərlər