“Qubad İbadoğlunu müdafiə edənlər Azərbaycanı və Türkiyəni sevməyən qüvvələrdir”
“Qubad İbadoğlunun həbsilə bağlı müxtəlif siyasi şouların yaradılmasına ehtiyac yoxdur. Görünən budur ki, onun müdafiəsində Azərbaycan və Türkiyəyə düşmən olan qüvvələr daha çox canfəşanlıq edir. Bu da onu deməyə əsas verir ki, Qubad İbadoğlunun həbsinə əsas verən faktlar kifayət qədər tutarlıdır”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.
O qeyd edib ki, FETÖ-ə qarşı xüsusi əməliyyat Türkiyənin təqdim etdiyi dəqiq materiallar əsasında həyata keçirilib:
“Azərbaycan dövlətinin hüquq – mühafizə orqanları yetərincə peşəkardır, bir çox ölkələrə bu mənada nümunə ola bilər. İstər Daxili İşlər Nazirliyi, istərsə də Dövlət Təhlükəsizlik Xidməti terrorizmə qarşı bir çox əməliyyat keçirib. İranın terror şəbəkəsinin ölkəmizdə törətmək istədiyi aktların ifşa olunması buna sübutdur. FETÖ-ə qarşı xüsusi əməliyyat Türkiyə dövlətinin təqdim etdiyi dəqiq materiallar əsasında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib”.
F.Ağamalı əlavə edib ki, məsələ ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma davam etdirilir:
“Burada iki mühüm amil nəzərə alınmalıdır: birincisi, qardaş ölkənin verdiyi məlumatlar dəqiqdir, başqa cür ola da bilməz; ikincisi, Azərbaycanın hüquq – mühafizə orqanları əməliyyatı əldə olan faktlara söykənərək aparıblar.
Hesab edirəm ki, bu addım özündə həqiqəti ifadə edir. Əlavə şərhə ehtiyac duymuram. İstintaqın ədalətli aparılacağına şübhəm yoxdur”.
demokrat.az