"Qərb Türkiyəni və Azərbaycanı kiberhücumlarına təslim edə bilmədi, məğlub oldu”
"Qərb Türkiyəni və onun müttəfiqlərini, o cümlədən Azərbaycanı öz kiberhücumlarına təslim edə bilmədi və məğlub oldu".
Musavat.com xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda Sosial Tədqiqatlar Mərkəzinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahir Oruc deyib.
Musavat.com mövzunun aktuallığını nəzərə alaraq millət vəkilinin çıxışını olduğu kimi təqdim edir:
"Dövrümüzün qlobal çağırışlarından biri olan, hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilən kibertəhlükəsizliyə həsr edilən 2-ci beynəlxalq konfransı əhəmiyyətli hadisə kimi alqışlayır, dost və qardaş ölkələri, eləcə də müxtəlif hökumət və sahə təmsilçilərini bir araya gətirən Dövlət Təhlükəsilziyi Xidmətinin rəhbərliyini və tədbir içtirakçılarını ürəkdən salamlayırıq. Belə əhəmiyyətli bir tədbirin keçirilməsi təkcə virtual deyil, eləcə də real məkanda Təhlükəsizlik və Silahlı qüvvələr arasında əməkdaşlığı daha da möhkəmləndirməyə, təhlükələrə qarşı birgə mübarizə aparmağa imkan verir. Ötən on illər ərzində mühüm beynəlxalq gücə çevrilən, bir sıra regional problemlərin həllində önəmli rol oynayan Türk Dövlətləri Təşkilatının bu dünyəvi problem ətrafında birgə müzakirələrə toplanması, veriləcək qərarlar türk dünyasında inteqrasiyaya əhəmiyyətli töhfə olacaqdır.
300 milyon əhali, 4,5 milyon kv.km coğrafiya, 2 trilyon dollarlıq iqtisadi potensiala malik Türk Dövlətləri Təşkilatinin son Zirvə Sammitində kibertəhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılıb, dünyada "əsrin rəqəmsal savaşına" fəal şəkildə qoşulmağa və lider mövqelərə çıxmağa inam ifadə olunub.
Bəlli olduğu kimi, əvvəlki əsrlərin müharibələrinə alternativ savaş formalarının meydana çıxması, Big Data, süni intellekt, 5G texnologiyaları, dronlar, vaksinlər, sosial robotlar və s. innovasiyalar rəqəmsal dünya nizamının formalaşmasından xəbər verir. Ötən əsrin sonlarına doğru suverenlik ilk növbədə coğrafi-hərbi mahiyyəti daşıyırdısa, hazırda suverenliyin elmi-texnoloji məzmunu önə çıxıb. Yekdil qənaətə görə, texnoloji asılılıq, keçmiş illərdəki hərbi -siyasi asılılıqdan daha dəhşətli nəticələr verə bilər.
Məlumdur ki, dünya əhalisinin 63%-i, yaxud 5 milyard nəfəri qısa bir dövrdə rəqəmsal əhaliyə çevrilib, yəni internet istifadəçiləridir. Hər il onların sayı orta hesabla 200 milyon artır. Son illər sürətlə inkişaf edən “süni intellekt” texnologiyaları da kiber təhlükələrə qlobal xarakter verib. Davosda ənənəvi Dünya İqtisadi Forumu ekspertlərinin hazırladığı “Qlobal Təhdidlər”- “Global Threats 2018”- hesabatında: 1.təbii fəlakətlərdən və 2. istiləşmədən sonra-3. kibercinayətlər sivilizasiya üçün ən mühüm təhlükə adlandırılıb. XXI yüzillikdə torpaq, su və hava kimi döyüş əməliyyatlarının aparıldığı 3 ənənəvi məkanlara yeni biri-kiberməkan, kiberfəza – əlavə olunub.
Xatırladaq ki, Azərbaycan əhalisinin 10,26 milyon nəfər olması fonunda 2021-ci ilin yanvarında ölkəmizdə 8,26 milyon internet istifadəçisi qeydə alınıb. Bu ümumi əhalinin 82 faizini təşkil edir. Sosial media istifadəçilərinin sayı 5 milyona yaxındır ki, bu da ümumi əhalinin yarısını təşkil edir. Ölkə üzrə 11,3 milyon mobil telefon istifadəçisi mövcuddur. Vətən müharibəsində parlaq Qələbə prezident İlham Əliyevin yerdə informasiya məkanında hücum əzmi ilə yanaşı, fəzada aparılan süni intellekt savaşı ilə mümkün oldu. Postmüharibə reallığı, Azərbaycanın hazırkı geosiyasi mövqeyi, hərbi potensialı, fəal xarici siyasəti cari və perspektiv təhlükəsizlik təhdidlərini də artırır. İşğaldan azad edilən ərazilərdə “ağıllı şəhərlər və kəndlər” kimi smart layihələr texnoloji resurslardan asılı olduğu üçün, informasiya hücumlarının hədəfindədir. Vətən müharibəsi dövründə Ermənistanın ölkəmizin maliyyə/bank sisteminə hücumları hamıya məlumdur.
Davam edən Rusiya-Ukrayna müharibəsi göstərdi ki, savaş daha çox kritik infrastrukturlara qarşı apaılır. İKT sektorunda baş verən sanksiya müharibələri informasiya suverenliyinin coğrafi və su məkanının toxunulmazlığı qədər vacib olduğunu göstərir. Dövlət strukturlarında xarici proqram təminatlarının, İT həllərin və antivirusların tətbiqi yeni bayraktarlar və haroplar qədər vacibdir.
Xüsusilə hərbi-strateji sahədə proqram təminatlarının düşmən ölkələrdən alınması 2000-ci illərdən ölkəmizə qarşı başlayan kiberhücumların coğrafi, qüvvə və texnoloji vasitələrini öyrənməyi tələb edir. Dünən İsrail dövlətinin prezidenti İsxak Hersoqu qəbul edərkən ölkə rəhbəri İlham Əliyev dedi:”Israillə əməkdaşlığa başladığımız sahələrdən biri də kibertəhlükəsizlikdir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq..Sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükələrdən qorumaq üçün çox mühüm amildir”. Göründüyü kimi, dövlət başçısı təkcə Silahlı Qüvvələrin müasir texnika və texnologiylarla, xüsusilə Harop və Bayrakatlarla təchiz edilməsini 5-ci nəsil silahların üstün mövqeyini qəbul etməklə yanaşı, virtual sərhədlərimizi mühafizə etməyi mühüm vəzifə kimi müəyyənləşdirib. Beləliklə, virtual sərhədləri qorumaq və kiberhücumlardan özünü müdafiə etmək dövlətlər üçün mühüm tələbə çevrilib.
28 mayda seçkilərdə parlaq qələbəsini qeyd edən və bütün türk-islam coğrafiyasında mühüm təşəbbüslərin müəlliflərindən biri olan prezident R.T.Ərdoğanın son Zirvə Sammitində ictimai-siyasi leksikona gətirdiyi “kiber vətən” ifadəsi və çağırışı türkdilli dövlətlərin arasında geniş müzakirəyə layiqdir. R.T.Ərdoğan müasir dövrdə dövlətlərin suverenliyinin fiziki sərhədlərdən çox rəqəmsal məkanda hücuma məruz qaldığını qeyd edib. Sitat: “Vətənimizin müdafiəsini genişləndirərək, dənizdə mavi vətən olduğu kimi, rəqəmsal dünyadakı "kiber vətənimizi"də buraya daxil edəcəyik. Ölkələrin suverenliyinin artıq rəqəmsal terror və hücuma məruz qalması son dövrlərdə baş verənlərin rəqəmsal işğalın nə qədər uzaqlara gedə biləcəyini ortaya qoyub. İnformasiyaya hakim olanlar demokratiyanı, qanunu və hər cür hüquq və azadlıqları göz ardı edərək öz rəqəmsal diktaturalarını qura bilərlər”. Kiber vətəni qorumağın texniki infrastruktur və məzmun istehsalı ilə əldə edilə biləcəyini bəyan edən sayın Ərdoğan, “Kiber dünyada öz vətəndaşlarımızdan başlayaraq, hər bir fərdə xitab edəcək məzmun-kontentlər istehsal edib, onları öz kanallarımıza cəlb edə bilməsək, müdafiə xəttini qura bilmərik. Bu gün bizim üzərimizə düşən vəzifə rəqəmsal faşizm, kiberimperializm və qlobal saxta xəbər sənayesinə qarşı ortaq informasiya istehsalı və yayım kanallarımızı gücləndirməkdir”.Göründüyü kimi, son dərəcə strateji baxışdır, ona görə qlobal Qərb Türkiyəni və onun müttəfiqlərini, o cümlədən Azərbaycanı öz kiberhücumlarına təslim edə bilmədi və məğlub oldu.
Ölkəmizdə kiberhücumlar tarixinin tədqiqi göstərir ki, 2000-ci ilin yanvarında erməni hakerlər Azərbaycanın 20-yə yaxın dövlət saytı ilə yanaşı, ABŞ-nin Azərbaycandakı səfirliyi və bir sıra beynəlxalq təşkilatların internet saytlarının hədəfə alınması Qafqaz regionunda rəqəmsal münaqişələrdən xəbər verir.
Türk dünyasının bu sahədə təşəbbüslərini nəzərə alaraq, kritik infrastrutkturunun qorunmasının ortaq sisteminin, “Türk Dövlətləri Təşkilatı Sivil Qorunma Mexanizmi”nin yaradılması faydalı ola bilər. Həmçinin, Türk Dövlətlər Təşkilatının kiberməkanının qorunması sahəsində birgə əlaqələndirici strukturun yaradılması da gündəmə salına bilər. Avropa ölkələrində belə təşkilat və mexanizmlər mövcuddur. Artıq fərəhlə qeyd etmək olar ki, coğrafiyasını get-gedə genişləndirən və ölkəmizdə də təntən ilə keçirilən, qlobal layihə olan Teknofest hərəkatı birgə tədqiqat və işbirlikləri üçün ən uğurlu platformaya çevrilə bilər.
Hörmətli konfrans iştirakçıları,
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Rəqəmsal Çağda Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusu ilə 12 noyabr 2021-ci il tarixində İstanbulda 8-ci Zirvə Toplantısnda xüsusilə irəliyə doğru böyük addımlar atılıb, “Türk Dünyası Baxış-2040” ( “Turk Stratejisi Vizion- 2040) sənədi qəbul edilib. Sənəddə Növbəti iki onillikdə Türk Dövlətləri Təşkilatının prioritetləri - Turk Stratejisi Vizion- 2040-ın hədəfləri sıralanıb. Bu hədəflər sırasında aşağıdakılar prioritet elan edilib:
- Regionlararası rəqəmsal əlaqənin qurulması, Üzv Dövlətlərdə dördüncü Sənaye İnqilabının dəstəklənməsi və Big Data-nın istifadəsi vasitəsilə qlobal biliyə əsaslanan iqtisadiyyatın qurulması.
- Üzv Dövlətlərin tənzimləyiciləri, Elektron hökumət və elektron xidmətlər sahəsində Birgə Proqram, o cümlədən yayım xidmətləri, mobil, peyk texnologiyaları, fiber optika sahəsində tərəfdaşlığın artırılması və birgə əməkdaşlıq platformaları və şəbəkələri yaratmaqla, regional texnoloji ekosistem qurula bilər.
Yekunda bir daha vurğulayaq ki, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, “Azərbaycan informasiya müharibəsinin hədəfində dayanan ölkədir. Biz buna adekvat cavab verməliyik” mesajı, o cümlədən Qarabağda Zəfərimizdən sonra dünya erməniliyi, bütün gücünü informasiya müharibəsinə, kiberhücumlara yönəltməklə- Azərbaycan dövlətinin imicinin beynəlxalq aləmdə saxta xəbərlərlə “demonizasiyasına”, informasiya məkanında nüfuzdan salmağa, ictimai rəyi manipulyasiya etmək, inkişafımızın təməl şərtlərindən olan ictimai-siyasi sabitliyimizi pozmaq yönündə yeni üsullara əl atması müxtəlif regional ikitərəfli, yaxud beynəlxalq platformlar yaratmağı tələb edir. Ona görə də hibrid təhdidlərə qarşı “Türk Dövlətlər Təşkilatının” ortaq birliyinin təsis edilməsi bu konfransın ən əhəmiyyətli qərarlarından biri kimi tarixə düşə bilər.
Ümidvarıq ki, faydalı və açıq müzakirələr türk dövlətlərinin kiber məkanının qorunmasına faydalı töhfələr verəcəkdir".