"Qərb Cənubi Qafqazı növbəti müharibə məkanına çevirməkdə qərarlıdır"
ABŞ və Avropa İttifaqının timsalında Qərb Cənubi Qafqazı növbəti müharibə məkanına çevirməkdə qərarlıdır. Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, müxtəlif zaman kəsimlərində dünyanın müxtəlif yerlərində münaqişə ocaqları yaradan, qanlı müharibələrə rəvac verən bəlli xarici güclər son vaxtlar yenidən fəallaşıblar: “Onların bu fəallaşmasını bizim üçün ikiqat təhlükəli edən isə həmin güclərin bu dəfə də Cənubi Qafqazı qara dairəyə almasıdır. Yenə xəmirləri qanla, müharibələrlə yoğurulan həmin güclərin növbəti hədəfi Cənubi Qafqazdır”.
Vüqar İskəndərov bildirib ki, həmin məkrli xarici güclərin Cənubi Qafqazı qan çanağına döndərmək siyasətində qısamüddətli vasitə, belə deyək ki, “maşa” rolunda çıxış edən isə Ermənistandır: “Görünən odur ki, ABŞ və Avropa İttifaqının timsalında Qərb Cənubi Qafqazı növbəti müharibə məkanına çevirməkdə qərarlıdır. Onların bu qanlı istəyinin reallaşması üçün isə Ermənistan hazır dayanıb. Hər halda aprelin 5-də keçiriləcək Aİ, ABŞ və Ermənistan təhlükəsizlik görüşü də bu çirkin məqsədə hesablanıb”.
Vüqar İskəndərov nəzərə çatdırıb ki, xüsusi qeyd olunmasa da söhbət faktiki olaraq hərbi paktdan gedir: “Bu pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. Yəni vurğuladığımız kimi, ABŞ və Avropa regionu yeni qeyri-sabitlik və fəlakətə sürükləyir. Digər tərəfdən, hərbi pakt Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir. Bəhs edilən xarici güclərin istəyi və birbaşa iştirakı ilə Ermənistan revanşa hazırlaşdırılır. Bunun da səbəbi bəllidir. ABŞ və Avropa Azərbaycanın güclənməsi, öz ərazilərini azad etməsi ilə barışmaq istəmir. 44 günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlayırdı. Buna görə 3 il ərzində Qərb tərəfindən “Humanitar fəlakət” bəhanəsi ilə Azərbaycan və şəxsən Prezident İlham Əliyevə qarşı təzyiq kampaniyası aparıldı. Bu istiqamətdə müxtəlif addımlar atıldı. Lakin Prezident İlham Əliyevin qətiyyəti və dövlətimizin gücü sayəsində bütün bunlar nəticəsiz qaldı. Bunu görən ABŞ və Aİ-nin timsalında Qərb indi də Ermənistan vasitəsilə ölkəmizə qarşı açıq şəkildə hərbi planlar qurur”.
APA