Cəmiyyət 16 Sentyabr 2022, 17:38 | Baxış sayı: 210
"Qoy matəm ruhu ermənilərin sifətində olsun, 500-ə qədər itki veriblər"

“Cənab Prezident İlham Əliyev beynəlxalq tədbirdə iştirak edir. Prezidentin üzündə təbəssüm var, guya bu, ikrah hissi yaradır və sair. Bu, mənasız söz-söhbətdir. Hesab edirəm, biz o tədbirə də başıuca qatılmışıq. Cənab Prezident baş verən həqiqətləri tədbir iştirakçılarına, eyni zamanda, bütün dünyaya çatdırır. Çıxış etdi, faktları söylədi. Bir sıra nüfuzlu dövlətlərin rəhbərləri görüşlər keçirdi. Bu, beynəlxalq tədbir, beynəlxalq görüşdür, matəm, ağlaşma yeri deyil. Mənasız, xoşagəlməz, əsası olmayan, qıcıq yaradan söz-söhbətləri yığışdırmaq lazımdır. Elə şey deyirlər ki. Qoy matəm ruhu, matəm rəngi ermənilərin sifətində olsun, 500-ə qədər itki veriblər.”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, Ermənistan Azəbaycanla müqayisədə qat-qat çox itki verib: “Allah bütün şəhidlərimizə rəhmət etsin. Bəli, şəhid vermişik. Bəs qarşı tərəf nə qədər itki verib? 500-ə qədər. Qarşı tərəfin bütün hərbi strukturu dağıdılıb. Yəni ermənilərin törətdikləri bu təxribat nəticəsində çox itkilərə məruz qalan tərəf elə Ermənistandır. Bu gün də bütün dünyaya hay-haray salıblar ki, Azərbaycan Ermənsitanı “işğal” edir. Müharibə dövründə itkilər birtərəfli olmur. Hər iki tərəf itki verir. Ancaq nisbətə baxmaq lazımdır. Düşmən bizdən 8-10 dəfə artıq itki verib. Başda cənab Prezidentimiz olmaqla şəhidlərimizin dərdi hər birimizin dərdidir. Cənab Prezident şəhid ailələrinə, yaxınlarına, Azərbaycan xalqına başsağlığı verdi. O, şəhidlərimiz üçün nə çəkir, onların xatirəsini necə əziz tutur, ailələrinə necə qayğı göstərir, bütün bunlar hamımızın gözü qarşısındadır. Cənab Prezidentimiz dövlət rəhbəridir. Beynəlxalq tədbirdə daxildə keçirilən hisləri üzə vurmağın, bildirməyin bir mənası var? Qətiyyən! Hesab edirəm, cənab Prezidentin Səmərqənd səfəri, Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi Forumunda iştirakı, çıxışı, görüşləri dövlətimiz üçün çox vacibdir, uğurludur. Başqa söz deməyə də ehtiyac yoxdur”.

Xəbərlər