Cəmiyyət 3 Oktyabr 2022, 12:42 | Baxış sayı: 128
"Qismən səfərbərliklə bağlı Sərəncamdan iki gün sonra oğlumu döyüşlərə göndərdim"

Tahir Kərimli Pravda.az-a açıqlamasında deyib ki, 2020-ci ilin 28 sentyabr tarixində cənab Prezident ölkədə qismən səfərbərliklə bağlı Sərəncam imzalayandan iki gün sonra oğlu Zahidağanı döyüşlərə göndərib: “Birbaşa erməni ilə təmas xəttinə. Həmin vaxt mətbuatda var idi. Bu barədə geniş danışmaq istəmirəm. Təşəkkür edirəm ki, Hərbi Prokurorluq onu götürdü, himayə etdi. Müəyyən müddət qorudu. Yoxsa açıq təhdidlər var idi. Digər iki oğlum Cavid və Tural da hər ikisi cəbhəyə yaxın bölgələrdə xidmət ediblər. Vətən Müharibəsində iştirak etmək üçün də könüllü yazıldılar. Sadəcə, çox tez zamanda qazandığımız Qələbə nəticəsində onların aktiv iştirakına ehtiyac qalmadı. Mənə qarşı bilmirəm bu şər niyədir. Hər halda canımız Vətən üçün fədadır. Ona görə də, hesab edirəm, bu cür ittihamlar doğru deyil. Sizin saytınızdan sorğu gəlməsə, bu barədə danışmaq fikrim yox idi”.

 

T.Kərimli deyib ki, məmurların oğullarının hərbi xidmətdən yayınması barədə deyilənlər həmişə doğru olmur:

 

“Biz ermənilərin sentyabrın 12-14-də törətdikləri təxribatlarda deputat Səttar Mehbalıyevin əmisi nəvəsinin şəhid olmasını gördük. Digər məmur övladları da hərbidə iştirak edirlər. Bunu deməyə məcburam. Bir epizod misal gətirəcəyəm. Mən Azərbaycanın hər yerindən 17 ağır top toplayaraq Cəbrayıl şəhərində o vaxtkı polis rəisi Məmmədova aparıb təhvil vermişəm. Ağsuda ev tikməkdən ötrü uzun illər boyu 100 min pul yığmışdım. Bu pulun 1 manatını da özümə saxlamadım, hamısına mərmi aldım. İlk dəfə o vaxt Ali Sovetdə Qəbələ RLS-in ləğvi məsələsini qaldıran adam olmuşam. Məhz buna görə Tiflisdən rus generalları gəlib Qəbələdə danışıqlar apardılar. Mingəçevir su anbarının qorunması ilə əlaqədar Bakıda və Azərbaycanın bir sıra ərazilərində təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı çox əziyyətlər çəkmişəm. Qardaşlarım o vaxt ailələrindən gizli gedib cəbhədə qanın içində düşmənin qabağında döyüşüblər. Ona görə də, belə ittihamları qəbul etmək, doğrusu, çox çətindir, ağır gəlir. Məcbur qalıb bunları xatırladıram. Biz zaman-zaman Azərbaycanımız üçün şəhidlərimizi vermişik. 1918-ci ildə ana babam Məhəmmədin qardaşı Əliqulu türk islam ordusunun tərkibində Bakının xilası uğrunda döyüşlərdə şəhid olub. Bilirsiniz, Məhəmməd babam 95 yaşında rəhmətə getdi. Ölənə yaxın xəstələnəndə həmişə ancaq “oy qardaş!” deyib qardaşını çağırırdı. Biz də ona baxıb ağlayardıq. Çünki atadan yetim qalmışdılar. İki qardaş idilər, biri Vətən üçün şəhid oldu. Biz bu ağrı ilə yaşayan adamlarıq. Əmim Məmmədağa İkinci Dünya müharibəsində digər qohumlarımla birlikdə şəhid oldu. Birinci Qarabağ müharibəsində bacımın oğlu Şahin Seyidli alim oğlu olmasına, dövlət universitetində əyani oxumasına baxmayaraq, gedib Ağdamda döyüşlərdə şəhid oldu. Xalam oğlu müharibədə kontuziya alıb öldü. Bibimin nəvələri… Uzaq qohumlarımdan 20 Yanvar hadisələrində də şəhidlər verdik. Yəni belə hallar olub. Bu, bizim həyat tərzimizdir…”

Xəbərlər