Cəmiyyət 4 Avqust 2022, 21:10 | Baxış sayı: 301
"“Qisas” əməliyyatı da məhz Ermənistana növbəti xəbərdarlıq, ciddi cəza və cavab idi”.

“Ermənistan tərəfi 2020-ci il 10 noyabr bəyanatının müddəalarını icra etməkdən, Brüsseldə keçirilmiş üçtərəfli görüşdə əldə olunmuş razılıqlardan boyun qaçırır. Ermənistan Azərbaycan tərəfinin təklif etdiyi və Brüsseldə əldə olunmuş razılığa əsasən, sülh gündəliyini qəbul etdiyini bəyan etsə də, davamlı şəkildə təxribatlar törədir. Bütün bunlar, o cümlədən Ermənistanın hakimiyyətdə olan rəhbərləri tərəfindən müxtəlif təxribat xarakterli bəyanatlarla çıxış etməsi göstərir ki,  Azərbaycana qarşı terrorçu siyasət davam edir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat xatırladıb ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni quldurları, terrorçuları tərəfindən törədilən təxribat nəticəsində bir əsgərimiz şəhid olub: “Dərhal Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatının qarşısının alınması üçün “Qisas” əməliyyatı keçirdi və ciddi zərbələr endirdi. Hərbi texnika, canlı qüvvələri məhv edildi, onlar növbəti dəfə Azərbaycanın gücü qarşısında aciz qaldılar. Ermənistanın təxribatları ilə bağlı cənab Prezident bir neçə dəfə xəbərdarlıq edib. Sonuncu dəfə 2022-ci ilin birinci yarımilliyinə hər olunmuş müşavirədə də Ermənistana ciddi mesaj verdi. Cənab İlham Əliyev bildirdi ki, əldə olunmuş razılıqları, öhdəlikləri yerinə yetirməsə, bu, Ermənistan üçün daha ağır nəticələrə səbəb olacaq. “Qisas” əməliyyatı da məhz Ermənistana növbəti xəbərdarlıq, ciddi cəza və cavab idi”.

 

C.Osmanov deyib ki, bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında həmrəylik formalaşıb: “Bu, dövlətimizin əsas gücünün göstəricisidir. Xalq-iqtidar birliyi onu göstərir ki, Azərbaycan xalqı Prezidentinin ətrafında sıx birləşib. Heç bir qüvvə Azərbaycanda xalq-iqtidar birliyinə təsir edə bilməz. Dünənki təxribatlardan sonra Ermənistanın saytlarında dezinformasiya yayılaraq göstərilirdi ki, guya bu əməliyyatlara Azərbaycan tərəfi başlayıb. Təəssüf ki, Azərbaycana qənim kəsilmiş anti-milli qüvvələr, özlərini bloqer, ictimai fəal, jurnalist kimi təqdim edərək xaricdə oturanlar, Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar Ermənistandan, onların havadarlarından aldıqları məlumatları yaymağa başladılar. Bunlar vətən xainləridirlər, xəyanətkardırlar. Azərbaycan xalqı bir daha gördü ki, onlar ermənilərin havadarlarına xidmət göstərirlər, xalqımıza, dövlətçiliyimizə, müstəqilliyimizə, ərazi bütövlüyümüzə, suverenliyimizə, ölkəmizin artan nüfuzuna qarşı xəyanət yolunu tutaraq, ermənilərə nökərlik edirlər. Xalqımız, dünya azərbaycanlıları bir daha onların ermənilərə xidmətlərini, iç üzlərini görmüş oldu. Ermənistan dünənki “Qisas” əməliyyatından sonra daha ciddi nəticə çıxarmalıdır. Azərbaycanın ərazilərində daha genişmiqyaslı anti-terror əməliyyatı keçirməyə beynəlxalq hüquq və normalar çərçivəsində tam hüququ var. Ermənistan təxribatları davam etdirsə, əldə olunmuş razılıqların maddələrini icra etməsə, Azərbaycan bu hüququ istənilən vaxt həyata keçirə bilər”.

Xəbərlər