Cəmiyyət 8 May 2023, 13:51 | Baxış sayı: 98
“Qazi olmaq kiminsə özbaşınalıq etməsinə üstünlük vermir"

“Baş vermiş hadisənin görüntülərindən də hər kəs görə bilir ki, Vətən müharibəsi iştirakçısı Rəvan Nəbizadə daxili qaydalara riayət etməyərək özbaşınalıq edir. İdmançı cüssəli, sağlam bir şəxsin əlillik tələb etməsi və vəzifə başında olan dövlət əməkdaşının sağlamlığına xəsarət yetirməsi yolverilməzdir. Hesab edirəm ki, belə məsələlərdə güc yolu ilə məqsədə nail olmaq olmaz. Hər şey səbirlə, təmkinlə və qanunauyğun şəkildə həll olunmalıdır. Müharibə iştirakçısı və qazi olmasından asıllı olmayaraq hər kəs dövlətimizin qanunlarına riayət etməlidir. Torpaqlarımızın işğaldan azad olunmasında canından keçmiş bütün şəhidlərə Allahdan rəhmət, qazilərimizə cansağlığı və sağlam həyatlarına qayıtmalarını arzu edirəm. Qazi olmaq ona özbaşınalıq etməsinə üstünlük vermir. Qanun qarşısında hamı bərabərdir. Hansı status daşımasından asıllı olmayaraq cinayət törətmiş şəxsin hərəkətlərinə qanunla hüquqi qiymət veriləcək”.

Demokrat.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, əlilliyin təyin olunması ilə bağlı Vətən müharibəsində sağlamlığını itirmiş qazilərin bəzi məmurlar tərəfindən incidilməsi hallarını da müşahidə edirik: “Belə hallar yolverilməzdir. Şəhid ailələri və qazilər ən böyük hörmətə layiqdirlər. Dövlətimiz onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi tədbirlər görür. Amma təəssüf ki, bəzi hallarda müharibə iştirakçıları sağlamlıq durumu yerində olduğu halda əlilliyin təyin edilməsini tələb edirlər”.

Qeyd: Bir neçə gün öncə sosial şəbəkələrdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, eyni zamanda qazi Namiq Babayev işinin icrası zamanı idmançı Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalması ilə bağlı görüntülər yayılmışdı. Agentliyin məlumatına görə, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gələn Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb.

Xatırlatma: R.Nəbizadə polis tərəfindən saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb.
 

Xəbərlər