"Qaragüruh qüvvələr tərəfindən qiymət artımı məsələsi çox şişirdilir"
"Dünyada baş verən qlobal hadisələr fonunda xüsusən COVİD-19 pandemiyası sonrası, həmçinin böyük güc mərkəzlərinin qarşıdurması fonunda qlobal təhlükəsizlik, o cümlədən də ərzaq təhlükəsizliyinin təmin olunması bir nömrəli vəzifəyə çevrilib. Ərzaq qıtlığının olması, qiymətlərin artırılması gözlənilən idi. Ərzaq təhlükəsizliyi strateji bir vəzifəyə çevrilib".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, Azərbaycan da dünyanın bir parçası olduğuna görə inflyasiyanın olması gözlənilən idi: “Qlobal məsələlərdən sonra daşıma xərcləri artıb, logistika tamamilə iflic vəziyyətinə düşüb. Azərbaycan bu sahədə konkret tədbirlər həyata keçirir, sahibkarlara böyük dəstək verilir, süni qiymət artımının qarşısı peşəkarlıqla alınır. Ölkəmizin iqtisadi gücü, qüdrəti artdıqca inqilabi addımların atıldığını da görürük. Bundan əlavə bir neçə dəfə sosial paketlərin təqdim olunması da göz qabağındadır. Bu, Azərbaycan dövlətinin vətəndaşın yanında olduğunun göstərir. Dövlət qiymət artımını vətəndaşlarımızın sosial müdafiəsini gücləndirməklə, əməkhaqqı, təqaüdlərin, sosial müavinətləri artırmaqla kompensasiya edir. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti sosial yönümlü bir dövlətdir və yürüdülən siyasətin mərkəzində vətəndaş amili dayanır. Ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycan dövləti sistemli tədbirlər həyata keçirir".
Deputat təəssüflə qeyd edib ki, müəyyən qaragüruh, ölkəyə qənim kəsilmiş qüvvələr tərəfindən qiymət artımı məsələsi çox şişirdilir: “Xüsusilə də şəkər tozu ilə bağlı məsələni sosial şəbəkələrdə müzakirə predmetinə çeviriblər, ajiotaj yaratmağa cəhd edirlər. Bu qüvvələrin ya dünyadan xəbərləri yoxdur, ya da onların hər şeydən xəbərləri var, bilərəkdən belə qarayaxma kampaniyası aparırlar. Bu, təbii ki, yolverilməz haldır. Lakin xalq Azərbaycan dövlətinin vətəndaşının yanında olduğunu yaxşı görür".