"Qarabağdakı ermənilər göndərilən humanitar yardımı qəbul etməsələr..."
Bakıdan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün iki humanitar yük maşını yola salınıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslanın verdiyi məlumata görə, Qarabağdakı ermənilərə ilkin mərhələdə 40 ton un məmulatı göndəriləcək. Ehtiyac olduğu təqdirdə yenə yardımlar göndərilə bilər. Humanitar karvan Ağdam – Xankəndi yolu ilə hərəkət edəcək.
“Orada gedən proseslərə diqqətlə yanaşacağıq. Bu bir nümayişdir. Biz heç bir siyasi prosesə qoşulmamışıq, qoşulmuruq və bundan sonra da qoşulmayacağıq. İnanıram ki, bu addım həm ictimaiyyət, həm beynəlxalq aləm, həm də Xankəndidə məskunlaşmış erməni əhali tərəfindən müsbət qarşılanacaq”, - deyə N.Aslan jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu təşəbbüsünə münasibət bildirən Milli Məclisin deputatı Anar İsgəndərov açıqlamasında deyib ki, Qarabağdakı ermənilər Azərbaycan dövlətinin vətəndaşlarıdır. Azərbaycan bir daha demokratik dövlət imicini qoruyub, saxlamaq, öz xalqının ədalətli, humanist, tolerant olduğunu dünyaya bəyan etmək üçün Qarabağdakı ermənilərə humanitar yardım göstərir:
“Dövlət başçısı cənab İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər, iki xalq arasında mehriban qonşuluq münasibətləri yarana bilər. Lakin nə olur, olsun, ermənilərin tarix boyu başımıza gətirdikləri müsibətləri heç vaxt unutmamalıyıq.
Qarabağdakı ermənilər Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən humanitar yardımı qəbul etməyəcəklərsə, demək, onların məqsədi başqadır. Deməli, heç də aclıqdan korluq çəkmirlər, məqsədləri siyasidir, beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı qaldırmaqdır”.
Deputat qeyd edib ki, Azərbaycan artıq 90-ların ölkəsi deyil. Bu gün dünya ölkələrinin diqqət mərkəzində olan, inkişaf etmiş Azərbaycan var:
“Onun kifayət qədər dostları, haqqını müdafiə edənlər var. BMT TŞ-nın son təcili iclası da onu göstərdi ki, Azərbaycanın haqqını əlindən almaq o qədər də asan deyil. Bugünkü Azərbaycan həm ərazi bötüvlüyünə nəzarət edə bilir, həm də öz haqqını müdafiə edir”.
A.İsgəndərov vurğulayıb ki, Azərbaycan ədaləti, xeyirxahlığı, humanizmi təcəssüm etdirən prinsiplərinə sadiqdir:
“Pandemiya dövründə Azərbaycanın kasıb Afrika ölkələrinə etdiyi yardımlar hər kəsin yadındadır. Xankəndidəki erməni əsilli Azərbaycan vətəndaşları dərk etməlidirlər ki, Qarabağ Azərbaycan torpağıdır. Orada yaşamağa davam etmək istəyirlərsə, bu ölkənin vətəndaşı olmağı qəbul etməlidirlər. Bütün ölkə vətəndaşlarına hansı hüquqlar şamil olunursa, onlara da aid ediləcək. Başqa mövqeləri müdafiə edib, özlərini Qərbin qucağına atmaq istəyirlərsə, onda Azərbaycanı tərk etsinlər, Avropanın şəhərlərində məskunlaşsınlar”.
demokrat.az