Siyasət 15 Mart 2023, 14:58 | Baxış sayı: 114
"Qarabağda yaşayan ermənilərlə ünsiyyət qurmaq, əlaqəyə girmək istəyirik"

"Artıq Azərbaycan nümayəndəsi Qarabağda, Xocalıda ermənilərlə görüş keçirib. Azərbaycanın Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini təklif edib. Biz dəfələrlə demişik ki, Qarabağda yaşayan ermənilərlə həm ünsiyyət qurmaq, həm əlaqəyə girmək istəyirik. Həmçinin, Azərbaycana aid olan bütün hüquq və azadlıqlarını təmin etmək üçün fəaliyyət göstərəcəyik. Ona görə də, burada qeyri-adi bir şey yoxdur". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. 

Deputat bildirib ki, Qarabağ ərazisində yaşayan ermənilər ölkəmizin qanunlarına tabe olaraq, tam təhlükəsizlik və dinclik şəraitində həyatlarını davam etdirə bilərlər:

"Burada sadəcə bir vacib məsələ var. Qarabağda yaşayan ermənilər bu danışıqlara gələcəklər, yoxsa gəlməyəcəklər. Bu, onların öz işidir. Gələcəklərsə, deməli, Azərbaycanın vətəndaşı kimi ölkəmizə inteqrasiya olmaq istəyirlər və Azərbaycanda yaşamaq üçün hər hansı bir problem olmayacaq. Əgər imtina edəcəklərsə, deməli onlar da separatçı mövqedə dayanıblar, Azərbaycan qanunlarını, Azərbaycan Konstitusiyasını, Azərbaycan cəmiyyətində qəbul olunmuş qərarlara riayət etməmək yolunu seçəcəklər. 

Birinci halda heç bir problem yoxdur, Əksinə, Prezident İlham Əliyev hər zaman deyir ki, ermənilər işğal dövründən daha yaxşı, daha yüksək səviyyədə yaşayacaqlar. Biz bunu təklif ediriksə, əks tərəf bunu qəbul etmirsə, biz nə etməliyik?! 

Dünya ictimaiyyəti dərk etməlidir ki, Azərbaycan sülh üçün bundan artıq heçnə edə bilməz! Ona görə də hesab edirəm ki, bu, çox düzgün və vacib bir addımdır". 
 

Xəbərlər