Siyasət 20 Sentyabr 2023, 15:32 | Baxış sayı: 212
"Qarabağda erməni silahlı birləşmələrinin mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir"

“Sentyabrın 19-da Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Qarabağdakı erməni silahlı  birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. 

 

“Antiterror tədbirləri çərçivəsində Ermənistan SQ-nin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlılarının Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq  təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizəsi və müdafiəsi təşkil olunacaq. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslərə, xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaqlar. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb. Azərbaycan öz haqlı və ədalətli işini aparır. Hər kəs bilməlidir ki, Azərbaycan müstəqil siyasət yürüdür. Azərbaycan ərazilərində yalnız və yalnız Azərbaycan qanunları işləyəcək. Hər hansı üçüncü qüvvələrin Azərbaycanla təzyiq və təsir dilində danışmaq imkanları sıfra bərabərdir. Bundan sonra da Azərbaycan öz ədalətli işini başa çatdıracaq”, - deputat bildirib. 

 

C.Osmanov qeyd edib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiklərini bəyan ediblər: “Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiklərini, onun ətrafında sıx birləşdiyini bəyan ediblər. Prezident İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən bəyantda qeyd olunur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılıb və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırıb. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, təxirə salınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilib. Odur ki, antiterror tədbirlərinin görülməsi qaçılmaz oldu. Vətən müharibəsi müharibəsi dövründə olduğu kimi bu dəfə də özünü “müxalifət” adlandıran antimilli ünsürlər ölkəmizin haqq işinə dəstək verməkdən boyun qaçırdılar. Bununla da həmin üçlük-Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və REAL Partiyası bir daha öz xain xislətini nümayiş etdirdi”. 

pravda.az

Xəbərlər