Cəmiyyət 10 Yanvar 2023, 15:39 | Baxış sayı: 138
"Qadınların qarlı havada işə cəlb olunmasını onları cəlb edənlərin məsuliyyətsizliyi hesab edirəm"

“Sosial şəbəkələrdə mən də qadınların qartəmizləmədə iştirak etməsi ilə bağlı paylaşımları gördüm. Çox üzüldüm. Nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Amma sənət seçmək könüllüdür, kim hansı sənəti seçir, hansı ixtisasa yiyələnir, hansı təhsili alırsa, bu, hər kəsin konstitusion hüququdur. Heç kimə zorla “peşəni dəyiş, bu sənətə getmə” sözü deyilə bilməz. Həmin qadınlar o işi özləri seçiblər. Hər kəs öz qabiliyyətinə görə iş tapır. Doğrudan da belə bir şey olubsa, istənilən halda, soyuq havada, qarlı-şaxtalı gündə qarın təmizlənməsində qadınların iştirakını xoş hal kimi qəbul etmirəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

Deputat bildirib ki, Türkiyədə və Avropa ölkələrində qadınların küçələrin təmizlənməsi işinə cəlb olunmasına ciddi məhdudiyyətlər qoyulub: “Texnika o qədər inkişaf edib ki, Avropada küçələrin təmizlənməsi avtomatlaşdırılıb. Türkiyədə də qadınların küçə təmizliyinə cəlb olunmasına ciddi məhdudiyyətlər var. Adətən belə işdə kişilər işləyir. Azərbaycanda isə bu, müstəqildir. Hər kəs mənzil kommunal təsərrüfatı idarələrinə müracət edir, iş varsa, işə götürürlər. Azərbaycan üçün qadının böyük anlamı, dəyəri, qiyməti var. Azərbaycan qadınına ana kimi baxırıq. “Ana Vətən”, “Ana torpaq” deyirik... Belə şaxtalı havada ağır işlərlə qadınların məşğul olması ürəkaçan deyil. Qadınların qarlı havada işə cəlb olunmasını onları cəlb edənlərin məsuliyyətsizliyi hesab edirəm. Avropa ölkələrində belə işlərə, hətta tələbələri cəlb edirlər. Kiminsə evinin kandarını, evinin qarşısını təmizləməyi də normal hal sayılır. Bir neçə dəfə Danimarkanın Baş nazirini, Angela Merkeli görmüşəm ki, evlərinin küçəyə çıxan hissəsinin qarını özü təmizləyib. Burada anormal bir şey yoxdur. İnkişaf etmiş mədəni ölkələrdə bu, normal qəbul olunur. Azərbaycan xalqı Avropa ölkələrindən də mədəni, qadına - anaya böyük dəyər verən xalqdır. Belə bir hal yaşanıbsa, bu, həmin qadını işə cəlb edən məmurun məsuliyyətsizliyidir. Bunu ümumilikdə Azərbaycanın bütün məmurlarının adına yazmaq düzgün deyil. Total olaraq belədirsə, təbii ki, əlaqədar təşkilatlar bu barədə ciddi fikirləşməlidirlər”.

Xəbərlər