Siyasət 15 Mart 2023, 15:25 | Baxış sayı: 111
“Proseslər bu şəkildə davam etsə, Azərbaycan sərt gücdən istifadə edəcək”

"Ermənistan öz riyakarlığını, məkrliyini davam etdirir. Görünən budur ki, onlar müxtəlif platformalarda bir söz deyib, əməldə onun əksi olan hərəkətlərə yol verirlər. Bu, onun siyasətinin mayasıdır”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. 

O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında fikirlərin üst-üstə düşmədiyi məsələ Qarabağda yaşayan ermənilərlə bağlıdır:

"Dünyada gedən prosesləri göz önünə gətirərək ümidlənirlər ki, bəlkə hansısa geosiyasi vəziyyət yarana bilər ki, o, bundan yararlanıb daha güzəştli sülh bağlanmasına nail ola bilər. Digər tərəfdən, əslində Ermənistanla Azərbaycan arasında bütün məsələlər ətrafında müəyyən razılıqlar əldə olunub. Fikirlərin üst-üstə düşmədiyi məsələ isə Qarabağda yaşayan ermənilərlə bağlıdır. Azərbaycan haqlı olaraq bunu özünün daxili işi hesab edir. Dəfələrlə ölkə Prezidenti səviyyəsində ən müxtəlif platformalarda deyildiyi kimi, Qarabağda Azərbaycanın vətəndaşlığını qəbul edən, onun bayrağına sığınan ermənilər digər Azərbaycan vətəndaşları kimi konstitusiya hüquqları çərçivəsində yaşaya bilər. Qalan tör-töküntülər, separatçılar isə oradan tamamilə təmizlənməlidir. Ermənilər isə öz danışıqlarında bunun tamamilə əksini istəyirlər. Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliklərinin beynəlxalq səviyyədə təminatını istəyirlər. Başqa sözlə, bunu Azərbaycanın daxili məsələsindən beynəlxalq səviyyəyə çıxartmağa çalışırlar. Bu da qətiyyən yolverilməzdir”. 

 

Deputat qeyd edib ki, proseslər bu şəkildə davam etsə, Azərbaycan sərt gücdən istifadə edəcək: "Azərbaycan buna heç vaxt razı olmayacaq. Əgər proseslər bu şəkildə davam etsə, Azərbaycan artıq yumşaq gücdən sərt gücə keçəcək. Artıq Ermənistanın, separatçıların davranışları da buna doğru Azərbaycanı addım-addım irəli getməyə vadar edir. Yəqin ki, son anda bu addımdan istifadə olunacaq”. 

 

Deputat həmçinin əlavə edib ki, iyuna qədər Paşinyanın ümidləri sona çatacaq:

 

"Ermənistanı indiki durumda daha çox stimullaşdıran Rusiya-Ukrayna müharibəsidir, Paşinyan bunun necə bitəcəyini gözləyir. Paşinyan eyni zamanda bizim qardaş Türkiyədə Prezident seçkilərinin nəticələrini də çox böyük həyəcanla gözləyir. Orada Paşinyanın ən böyük ümidlərindən biri Ərdoğanın seçilməməsidir. Çünki indiki müxalifət Ərdoğandan fərqli olaraq, xüsusilə, Kılıçdaroğlunun mövqeyi olduqca qeyri-müəyyəndir. Amma ümidvaram ki, Rusiya-Ukrayna müharibəsində Rusiyanın məğlubiyyəti qaçılmazdır. Qərb heç zaman Rusiyanın Ukraynada qələbəsinə imkan verməyəcək. Qaldı qardaş Türkiyədəki Prezident seçkilərinə, mən tam əminəm ki, qardaş türk xalqı tərəfindən Türkiyənin son dərəcə güclənməsi, regionalla yanaşı, beynəlxalq gücə çevrilməsi önə çəkiləcək və türk xalqı Ərdoğanın bir lider kimi başlamış olduğu və Türkiyənin güclənməsinə hədəflənən siyasətinin daha ciddi nəticə verməsi üçün seçimi düz edəcək və Ərdoğana səs verəcək. Beləliklə, iyuna qədər Paşinyanın ümidləri sona çatacaq”.

Xəbərlər