Cəmiyyət 4 İyul 2022, 15:18 | Baxış sayı: 270
"Prosesi ona görə uzadırlar ki, sülhməramlı kontingent müddət başa çatdıqdan sonra da qalsın"

"Prosesi ona görə uzadırlar ki, sülhməramlı kontingent müddət başa çatdıqdan sonra da qalsın"

""Uşaqpulu" verilir, sadəcə, başqa formada... Doğrudur, tam əhatə etmir, məsələ hökumətin diqqətindədir"

Milli Məclisin deputatı Cavanşir Paşazadənin Pravda.az-a müsahibəsi:

- Cavanşir müəllim, Ermənistan-Azərbaycan arasındakı hazırki münasibətləri necə qiymətləndirirsiniz?

 

- Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub edərək torpaqları işğaldan azad etdi. Faktiki olaraq, Ermənistan kapitulyasına aktına imza atdı, əks halda müharibə davam edəcəkdi. Vətən müharibəsi dünyanın hərb tarixinə qızıl hərflərlə yazılıb. Qələbə, təbii ki, xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsi nəticəsində əldə edildi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Doğudur, hazırda müəyyən problemlər qalmaqdadır. Sərhədlərin delimitasiyası və demarkasiyası, Sülh sazişinin imzalanması istiqamətində addımlar atılır. Azərbaycan qalib ölkədir, təsəvvür edin, ölkəmizdəki 1990-cı illərdəki vəziyyət hazırda Ermənistanda yaşanır. O dövrlər dövlətə naşı insanların rəhbərlik etməsi torpaqlarımızın işğalı ilə nəticələndi. İndi də Ermənistan rəhbərliyi xalqı sakitləşdirmək üçün yalanlar danışır. Bilsinlər ki, bizim heç bir ölkənin torpağın gözümüz yoxdur, müharibəni də öz torpaqlarımızda aparmışıq, ona görə də kəskin müdaxilə ilə üzləşmədik, çünki haqq savaşı aparırdıq. Odrumuz dünyanın ən güclü orduları sırasındadır, hərb xərclər ildən-ilə artırılır, müasir silahlar alınır. Bu, müdafiəmiz baxımından çox önəmlidir. Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır, bir sıra beynəlxalq tədbirlər, idman yarışları Azərbaycanda keçirilir. Azərbaycanın sabitlik adası olması ölkəyə diqqəti artırır. Ermənistanda böhran yaşanır, dövlət xaricdən gələn maliyyə hesabına idarə edilir, bu da asılılıq yaradır, ona görə oyunlar oynayır. Ermənistanın Qarabağla bağlı öhdəlikləri yerinə yetirməməsi mümkün deyil, sadəcə, vaxt məsələdir, çünki başqa çarələri yoxdur.

 

- Paşinyanın hakimiyyətdə olması Azərbaycana sərf edirmi?

 

-Nikol Paşinyanın Ermənistanın baş naziri olması Azərbaycan üçün əlverişlidir. Nəzərə almaq lazımdır ki, Paşinyan “Qarabağ klanı”na aid deyil. Xarici qüvvələrə bağlı olduğuna görə Daşnaksütyun Partiyası təsir edə bilmir. Bütün bunlara baxmayaraq, Paşinyan müharibədən məğlub çıxdığına görə vəziyyəti bir qədər çətindir. O, hazırda daxildəki narazılığı yatırtmaqla məşğuldur.

 

- Sülh prosesini necə təsəvvür edirsiniz?

 

- Ermənilər 1990-cı illərdə müharibədə vəhşiliklər edib, insanlara işgəncələr verib, tarixi abidələrimizə qarşı valdalizm aktı törədiblər. Bu, faşizmdir. Biz isə müharibə aparanda hərb qanunlarını pozmadıq, mülki insanlara atəş açmadıq. Fərqimiz budur... Artıq 30 il keçib, təbii ki, nə biz, nə də onlar köçüb gedəsidir. Birgəyaşayış bir qədər vaxt aparacaq. Dünyada yüzlərlə müharibələr olub, sonu isə sülhlə bitib. Müharibənin qaydası budur. Təklif edirik ki, Azərbaycan vətəndaşları olan ermənilər Qarabağda yaşaya bilərlər. Təbii ki, Azərbaycan qanunları ilə... Baxın bir azərbaycanlı tapılmaz ki, Ermənistanda yaşasın, fəaliyyət göstərsin. Birgəyaşayış olacaqsa, bizdən onlara zərər gələn deyil. Pislik edəsi olsalar, onlar edərlər.

 

- Rusiyanın sülhməramlı kontingentinin fəaliyyətini necə qiymətləndirirsiniz? Nəzərə alın ki, qanunsuz səfərlərə göz yumur...

 

- Ermənistan Rusiyanın müttəfiqidir, birgə addımlayırlar. Azərbaycan torpaqlarını bəyəm 30 il Ermənistanın nəzarətində idi? İndi də Ermənistanla öz ölkələri kimi davranırlar. Həm də hərbi bazaları var.

 

- O zaman sülhməramlı deyil...

 

- Sülhməramlı adlandırmışıq... Ermənistan üçün isə müdafiədir.

 

- Dünya çapında sülhməramlı kimi qəbul olunmurlar...

 

- Ermənistan sülhməramlı kontingentə güvənir, çünki gücü yoxdur. İşğaldan azad edilən ərazilərdə minlərlə mina basdırılıb, o minaları Ermənistanmı istehsal edib?

 

- Ermənistana silahı Rusiya verib...

 

- Təbii ki... Məqsədli şəkildə olub. Allah haqqı nahaqqa heç vaxt verməz, vermədi də. Torpaqlarımızı öz gücümüzə azad etdik.

 

- Müddətin tamamında Rusiyanın sülhməramlı kontingentini yola salmaq mümkün olacaq?

 

- Prosesi ona görə uzadırlar ki, müddət başa çatdıqdan sonra da qalsınlar. Sülh sazişi imzalanacaqsa, Rusiyanın hərbçilərinə ehtiyac qalmayacaq. Müxtəlif variantlara əl atıldığı müşahidə edilir. Ümid edirik ki, yaxın müddətdə proses nizama salınacaq, sülhməramlı kontingent də ərazini tərk edəcək. Amma Rusiya Ermənistandan çıxan deyil, bizə aidiyyatı yoxdur, özləri bilərlər. Həmişə erməniləri qanadlarının altında saxlayıblar...

 

- Azərbaycan Qarabağda abadlıq-quruculuq işləri həyata keçirir. Beynəlxalq maliyyə qurumları isə lazım olan dəstəyi vermirlər...

 

- Bilirsiniz ki, Qarabağda işğal zamanı bir çox ölkələrə məxsus şirkətlər fəaliyyət göstərirdilər. Bu, qanunsuz fəaliyyət idi. Dəyən zərər hesablanılır, həm də mənəvi, həm də maddi ziyana görə beynəlxalq məhkəmələrə müraciət edilir. Məhkəmə çəkişməsi olduğuna görə gözləyirik. Xalq elə başa düşməsin ki, hansı dövlət Qarabağda nə istəsə edə bilər, təki pul gətirsin, elə deyil... Səudiyyə-Ərəbistanı, İtaliya, İsraillə müqavilələr bağlanılır, işlər həyata keçirilir. Beynəlxalq dəstəyi gözləmirik də. İşimizi davam etdiririk, Qarabağı yenidən qurmaq iqtidarındayıq. Qarabağa 3 milyard vəsait ayrılıb, artırıla da bilər. Amma daxili bazarı da nəzərə almaq lazımdır, yüksək məbləğin ayrılması tikinti sektorunda inflyasiyaya səbəb ola bilər.

 

- İnflyasiyadan danışdınız? Vəziyyət necədir?

 

- Hökumət bahalaşmanın qarşısını müəyyən dərəcə ala bilər. Süni bahalaşma meyilləri hiss olunur. Məsələn, birincisi, kənd təsərrüfatı sahəsində düzgün aparılmayan strukturlar, gömrük tənzimləmələri... İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Statistika Komitəsi, Gömrük Komitəsi birgə işləməlidirlər. İlin əvvəlində əkilən məhsulların statistikasının düzgün aparılması mühüm məsələdir. Tutaq ki, düyü tələbatı 5 min, istehsal isə 4 min tondursa, deməli, min tona ehtiyacımız var. Gömrük Komitəsi də bilməlidir ki, gömrükdən min ton düyü buraxıla bilər, 1 500 ton olmamalıdır. Digər məhsullar da elə... Digər bir misal çəkim, kərə yağına tələbat 10 min, istehsal da 50 min tondur. Deməli, gömrükdən 40 min ton çıxarıla bilər, 41 min ton çıxarılarsa, inflyasiya yarana bilər. Bazarlar özəlləşədirilib, ayrı-ayrı şəxslərdədir. Adı “Kəndçi bazarı” ola bilər, amma oradakılar daimi alverçilərdir. Onlar razılığa gəlib, qiymətləri artıra bilirlər. Kənd təsərrüfatı məhsullarının becərilməsi üçün kəndliyə şərait yaradılmır. Pay torpaqlarında fərdi evlər tikiblər, digər torpaqlar da kimlərinsə əlindədir, uzun müddətli icarəyə götürüblər, əkinçiliyə yararlı torpaqlar heyvan saxlayırlar. Kəndli isə o torpaqdan istifadə edə bilmir, günəmuzd işləyirlər. Bununla bağlı qanunvericilikdə dəyişiklik edilməlidir. Tutaq ki, 50 hektar torpağı varsa, 100 fəhləsi olmalıdır. Bu, şəhərə axının da qarşısını almış olar, yerli məhsullar da ucuzlaşacaq. Mövsumi meyvələr niyə bahalaşmalıdır ki?! İşğaldan azad edilən torpaqları daha səmərəli istifadə etmək lazımdır.

 

- Neft bahalaşıb. İnsanlar da pensiya, təqaüd, müavinətlərin artırılmasını, “uşaqpulu”nun verilməsini tələb edirlər. Hazırki vəziyyətdə bunu etmək mümkündürmü?

 

- “Uşaqpulu” verilir, sadəcə, başqa formada... Doğrudur, tam əhatə etmir. Bu məsələ hökumətin diqqətindədir. Düşünürəm, verilməlidir. Bunun üçün güclü iqtisadiyyat lazımdır. Azərbaycan müharibədən çıxmış ölkədir, bilirsiniz ki, xeyli vəsait xərclənib, ordunun daha da gücləndirilməsi üçün addımlar atılır. Prioritet məsələlərdən biri Qarabağın bərpasıdır. Gələcəkdə “uşaqpulu” məsələsinə də baxıla bilər. Maaşlar, pensiyalar artırılır, bu məsələ də xüsusi diqqətdədir.

 

- Deputatların, hakimlərin və digər qurumlarda çalışanların maaşları artırıldı. Amma deputatların maaşlarının artırılması müzakirələrə səbəb oldu...

 

- 118 deputat var, yüzlərlə hakim var... Maaşlarımızda 600-700 manat artım olacaq, iddia edildiyi kimi kəskin deyil. Bildirilir ki, deputatlar 10 min manat maaş alacaqlar, yanlışdır. Qarğışlara ehtiyac yoxdur. Cəmiyyətdir, nə demək olar...

 

- Seçicilərinizin problemlərini həll edə bilirsinizmi?

 

- Seçicilərin problemlərinin həlli istiqamətində nə lazımdırsa, edirəm. Mənə seçicilərimdən başqa da müraciətlər olur. Çalışıram, həll edim.

 

- Referendumla bağlı müzakirələr aparılır. İddia edilir ki, deputat yerlərinin sayı 175 olacaq. Sizdə hər hansı məlumat varmı?

 

- Məndə məlumat yoxdur. Bu məsələ Prezident İlham Əliyevin səlahiyyətindədir. Düşünürəm, hazırlıq getsəydi, məlumatımız olardı.

Xəbərlər